Məktəblərdə “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda maarifləndirici təlimlər keçirilir

20 may 2019

Paylaş:

İnformasiya texnologiyaları artıq gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Müasir dövrdə rəqəmsallaşma həyatımızda xüsusi yer alaraq, bir tendensiyaya çevrilmişdir. Uşaqların da internetdən mütəmadi şəkildə istifadə etdiyini nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi orta məktəblərdə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda təlimlərə başlayıb.

14 may 2019-cu il tarixində Bakı şəhəri 57 nömrəli, 16 may 2019-cu il tarixində 212 nömrəli, 20 may 2019-cu il tarixində 236 nömrəli tam orta məktəbdə 8-11-ci sinif şagirdlərinin iştirakı ilə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda təlim keçirilib. Təlimdə uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri haqqında, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barəsində ətraflı məlumatlar diqqətə çatdırılıb.

Təlimlər Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Komitənin əməkdaşı Sevil Rəsulzadə və Elçin Allahverdiyev tərəfindən aparılıb. Təlimçilər qeyd edib ki, uşaqların internet təhlükəsizliyinin təmin olunması olduqca önəmli məsələdir. Bu mövzuda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Diqqətə çatdırılıb ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun cənab Prezident tərəfindən imzalanmışdır və 2020-ci ildə  qüvvəyə minəcək. Qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik məzmunlu, pornoqrafik xarakterli, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Təlim zamanı qeyd edilib ki, uşaqların yaşlarına uyğun məlumatları əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır. Və bu sahədə bir çox layihələr həyata keçirilir. Bunlardan biri də BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanan “Kidsafe” proqramıdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir.

Təlimlər interaktiv şəkildə şagirdlərlə müzakirələrin aparılması ilə davam edib.