Nümunəvi ailə modeli: Gülverdilər ailəsi

24 may 2019

Paylaş:

Azərbaycan ailələri daim uzunömürlülüyü, ailə dəyərlərinin qorunub saxlanması, fəallığı və özünəməxsus xüsusiyyətləri ilə seçilirlər. Azərbaycan ailələrinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ailə fərdlərinin bir-birilərinə dəstək olmaları, ənənələləri davam etdirmələridir. Hamıya örnək olacaq nümunəvi ailələrimiz çoxdur. Nümunəvi ailələrdən birini sizlərin diqqətinə təqdim edirik.

      Bu dəfəki ailəmiz heykəltaraşlıqla məşğul olan, sənətin bu növünə xüsusi maraq göstərən Gülverdilər ailəsidir. Ailənin hər bir üzvü təhsilə xüsusi önəm verir, eləcə də öz sənətinin vurğunudurlar. 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Gülverdilər ailəsi Bakı şəhəri Binəqədi rayonu üzrə heykəltaraşlıq sənəti sahəsində öz xüsusi qabiliyyətləri ilə seçilərək mükafalandırılmışdır.

      4 nəfərdən ibarət olan bu gənc ailə - Şəmsi bəy və Ləman xanım 7 ildir ki, ailə qurublar. Nikaha daxil olmaqlarının ilk illərində Şəmsi bəy Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) departament direktoru, Ləman xanım isə tələbə idi. Lakin ailənin ilk uşağı olan Lalə Gülverdi dünyaya gəldikdən sonra Ləman xanım təhsilini müvəqqəti olaraq dondurmalı olmuşdu. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin Heykəltaraşlıq ixtisasında təhsil alır. Hal-hazırda III kursu bitirmək üzrədir. Şəmsi bəy isə Bakı Slavyan Universitetində “Xarici dil və ədəbiyyatı” üzrə bakalavr pilləsini bitirib, ailə qurduqdan sonra Azərbaycan Universitetində “Menecment” ixtisası üzrə magistr təhsili alıb. Övladlarından Lalə məktəbdə, Fateh isə məktəbəqədər təhsil müəssisəsində təhsil alır.

Ailədə incəsənətə böyük maraq vardır. Heykəl düzəltmək ailənin sevimli məşğuliyyətlərindən biridir. Heykəl düzəltmək üçün ilkin lazım olan dayaq materialın hazırlanması, “karkas”ın qurulması kimi çətin işləri Şəmsi bəy, qurulmuş karkas üzərində heykəlin düzəldilməsini isə Ləman xanım edir. Düzəldiləcək heykəlin ideyasını da birlikdə düşünüb qərar verirlər. Bundan əlavə, Ləman xanım şəkil çəkməklə də məşğuldur. Odur ki, onların evini müxtəlif mövzularda olan heykəllərlə yanaşı, təbiəti əks etdirən rəsm nümunələri də bəzəyir. Maraqlı məqamlardan biri də budur ki, ailənin qız övladı – Lalə Gülverdi də rəsm sənətinə böyük maraq göstərir.

Ailənin arzusu, gələcəkdə özlərinə məxsus sərgi – emalatxanasına sahib olmaqdır.

Komitə olaraq, bu gözəl ailəyə həyatda və yaradıcılıq fəaliyyətində uğurlar və bol nailiyyətlər arzu edirik.