Sumqayıt şəhərində məcburi köçkünlər üçün təlim keçirildi

27 may 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 24 may 2019-cu il tarixində Sumqayıt şəhərində yerləşən 28  saylı tam orta məktəbdə təlim keçirib.

  Təlimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və layihə koordinatoru Lyüdmila Xəlilova çıxış edib.

  Təlimdə Füzuli rayonundan olan 45 nəfər məcburi köçkün qadın iştirak etmişdir. İştirakçılara 10 oktyabr 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi, qadın hüquqları, gender bərabərliyi, nikah müqaviləsi, erkən nikahlar haqqında ətraflı məlumatlar verilib. Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı,  Komitə ilə UNHCR–ın birgə çap etdiyi “Məişət zorakılığının qarşısını alaq” adlı kitabça iştirakçılara paylanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.