“Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində tədbir keçirildi

22 may 2019

Paylaş:

22 may 2019–cu il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının iştirakı ilə dəyirmi masa keçirilib. Layihənin əsas tərəfdaşı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Tədbirdə giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, layihənin əhəmiyyəti və 2019-cu il bələdiyyə seçkiləri öncəsi siyasi partiyaların aktivliyi, həmçinin partiyalarda təmsil olunan qadınların bələdiyyə idarəçiliyində təmsilçiliyinin vacibliyi haqqında danışıb.

Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri xanım Nurlana Əliyeva çıxış edərək, ölkədə qadınların cəmiyyətdəki nüfuzu, onların mənəvi potensialı, əldə etdiyi nailiyyətlər və ümumilikdə gender siyasəti haqqında danışıb. O, bildirib ki, YAP Qadınlar Şurasının nümayəndələri bütün bələdiyyə seçkilərində aktiv iştirak edib və yüksək təmsilçilik əldə etmişdir.

Daha sonra “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri və “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin koordinatoru Lyudmila Xəlilova layihə haqqında geniş təqdimat edib. O, bildirib ki, layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünü idarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Məqsədlərə çatmaq üçün qarşıya qoyulan vəzifələr, fəaliyyətlər və əldə olunacaq nəticələr haqqında məlumat veren layihə koordinatoru, 9 regionu əhatə edən layihənin icrası zamanı Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa, Qazax rayonlarında mövzu ətrafında geniş maarifləndirmə tədbirlərinin həyata keçiriləcəyini qeyd edib.

Həmçinin tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Rəna Mirzəzadə Dayanıqlı İnkişafın Gender Məqsədləri və yerli səviyyədə qərarvermə prosesində qadınların rolu mövzusunda dəyirmi masa iştirakçıları ilə fikir mübadiləsi aparıb.