Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu" adlı beynəlxalq konfrans keçirilir

14 iyun 2019

Paylaş:

İyunun 14-də Azərbaycan Respublikası Milli Məclisində “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” adlı beynəlxalq konfrans işə başlayıb.

Tədbiri açan Milli Məclis Sədrinin müavini Bahar Muradova qeyd edib ki, bu konfrans qarşımızda duran məsələlərin həlli istiqamətində fikir mübadiləsinin aparılması, təcrübələrin bölüşməsi, ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmləndirilməsinə xidmət edən qərarların qəbul edilməsi üçün zəruridir. B.Muradova vurğulayıb ki, buradakı müzakirələr həm beynəlxalq məsələləri, həm də regionda qarşımızda duran problemləri əhatə edir. Qadınların rolu haqqında danışan vitse-spiker Azərbaycanda qadınların rəhbərlik səviyyəsində təmsil olunmasının çox gözəl nümunəsinin olduğunu diqqətə çatdırıb. O deyib ki, 101 illik tarixi olan Azərbaycan parlamentinin fəaliyyəti dönəmində Azərbaycan qadınları həmişə burada yüksək səviyyədə təmsil olunublar. Bu gün Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində qadınları təmsil edir və dövlətin taleyinə cavabdehlik məsuliyyətini çox böyük dəyanət və ləyaqətlə bölüşür. Mehriban xamın bunun öhdəsindən çox gözəl gəlir və bizim cəmiyyətə, türk dünyasına, eləcə də bütün dünya ictimaiyyətinə nümunə göstərir, böyük, məsuliyyətli və vacib layihələrə imza atır.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur və bu sahəyə çoxşaxəli fəaliyyəti ilə öz töhfəsini verməkdədir. O qeyd edib ki, Azərbaycan hələ bir əsr öncə Qərb ölkələrinin bir çoxundan əvvəl qadınlara səsvermə hüququ verən dövlət olub. Hazırda bütün türkdilli ölkələrdə qadınların cəmiyyət və dövlət həyatında rolu müşahidə olunmaqdadır. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə fəallıq göstərirlər. Üzv ölkələrdə gender bərabərliyi ilə bağlı normativ hüquqi baza yaradılıb.

A.Mamayusupov vurğulayıb ki, son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu yığıncağın mövzusu bütün dünya üçün böyük əhəmiyyət kəsb edir və Dayanıqlı İnkişaf konsepsiyası üzv dövlətlər üçün əsas prioritetlərdəndir. Bu məqsədə nail olmaq üçün nə etməliyik, qarşımızda hansı öhdəliklər var? Əlbəttə ki, ilk növbədə biz dünyanı daha ədalətli və bərabərhüquqlu cəmiyyətə çevirən ciddi dəyişikliklərin həyata keçirilməsi üzərində birgə işləməliyik. Bildiyimiz kimi, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə nail olmaq üçün bütün ölkələr öhdəlik qəbul edib. Lakin qarşımızda zaman çox azdır, buna görə də biz çalışmalıyıq ki, 17 məqsədin hamısını reallaşdıraq. Ancaq bu, həmin ölkələrin inkişaf tempindən, iqtisadi, təbii və insan resurslarından asılıdır.

Komitə sədri qeyd edib ki, xüsusilə deməliyəm ki, gender bərabərliyi ilə bağlı qanunların qəbul edilməsində Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olub. Eləcə də onun təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr dövlət qadın və uşaq siyasətinin daha da güclənməsinə böyük töhfədir. Bütün sahələrdə qadınların və qızların hüquqlarının bərabər səviyyədə qorunması, inkluziv, ədalətli keyfiyyətli institutların yaranması üçün geniş imkanlar yaranmışdır. “Heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox ciddi islahatlar aparılır. Və bunun nəticəsində əhalinin keyfiyyətli xidmətlə təmin edilməsi sahəsində bir sıra uğurlara imza atılıb.

Biz çalışırıq ki, buraya daha çox həssas təbəqədən olan insanlar cəlb edək: bura aztəminatlı, çoxuşaqlı ailələr, tənha qadınlar, sağlamlıq imkanları məhdud olan qadınlar və gənclər, qaçqın və məcburi köçkün qadınları aid etmək olar. Kənd yerlərində qadın məşğulluğunun artırılması istiqamətində çox müsbət nəticələrimiz var. Ölkənin 8 regionunda yaradılan Qadın Resurs Mərkəzləri qadınların iştirakçılığının artırılması üçün sistemli şəkildə iş aparır. Bu gün qaçqın və məcburi köçkünlər işlə, mənzilə, təhsillə təmin olunublar. Lakin onların yaşadıqları psixoloji sarsıntıları tam aradan qaldırmaq mümkün deyil. Həmçinin bu gün təmas xəttində yaşayan qadınlar hələ də psixoloji stress keçirməkdədirlər. Ona görə də bu bölgələrdə doğulan uşaqların, həmçinin qadınların səhhətində ciddi problemlər vardır. Lakin bütün bunların fonunda, qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Biz birlikdə qadınlara kömək etməliyik ki, onlar öz güclərinə inansınlar və başqalarına da dəstək olsunlar.

Tədbir çıxışlarla davam edib.