“Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda Beynəlxalq Forum keçirildi

21 iyun 2019

Paylaş:

21 iyun 2019-cu il tarixində “Fairmont” otelində qadın sahibkarlığının inkişafına həsr olunmuş “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər”  mövzusunda Beynəlxalq Forum keçirilib.

Tədbir millət vəkilləri, dövlət və qeyri-hökümət təşkilatlarının, beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən görkəmli ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilir.

Forumdan əvvəl iştirakçılar Fəxri Xiyabanı ziyarət edib, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bildirilib ki, Forumda dünyanın 10-dan çox ölkəsindən (Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və s.) 30-dan çox nümayəndə iştirak edir. Qeyd edilib ki, bu gün müasir Azərbaycanda sahibkalığın inkişafında bir sıra mühüm islahatlatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir Görülən işlərin nəticəsində son illərdə qadın sahibkarıların sayı əhəmiyyətli dərəcədə artmışdır.

Daha sonra “Qadın sahibkalığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan hökuməti qadınların sahibkarlıq fəallığının artırılmasına böyük önəm verir: “Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində uğurlar qazanmasına görə müstəqilliyini əldə etmiş ölkələrdən biridir. Azərbaycanın iqtisadi potensialının artırılmasında qadın sahibkarların böyük rolu var. İqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili iqtisadi potensialların gücləndirilməsində kiçik və orta sahibkarlığın böyük rolu var. Azərbaycan əhalisi dinamik inkişaf edən, artan bir əhalidir. Əhalinin artması əmək bazarına yeni işçi qüvvəsinin gəlməsi kimi səciyyələnir”.

Baş Nazirin müavini vurğulayıb ki, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin təşkil olunması, onlara lazımı köməyin göstərilməsi bu sahənin güclənməsinə təkan verəcək. Azərbaycan qadını təkcə kiçik sahibkarlıqla deyil, həm də ciddi biznes fəaliyyəti ilə məşğul olmağa özünü hazır hiss etməlidir.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Konfransın keçirilməsində göstərdikləri dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Hicran Hüseynova qeyd edib ki, müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaratmışdır. Azərbaycanda da qadınlar ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Komitə sədri qeyd edib ki, mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyət fonunda ötən 28 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparmış və bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.

Hicran Hüseynova diqqətə çatdırıb ki, b u gün ömür uzunluğunu artması müşahidə olunur, buna görə də əhalinin ömür boyu təhsil alması və yeni peşəyə sahib olması gedikcə aktuallaşır. Bütün bu məsələlər qadın sahibkarlığının inkişafının vacibliyini bir daha təsdiqləyir. Sahibkarlıq, ümümiyyətlə, məşğulluq qadın üçün hansı imkanlar yaradır? İlk növbədə qadın bir şəxsiyyət olaraq ailədə ana və qadın kimi özünü təsdiq edir, bir çox risk və çətinliklərdən müdafiə olunur. Eyni zamanda, həm öz icmasına, həm də cəmiyyətə töfhə verir. Azərbaycanda bir sıra sənədlərdə, o cümlədən, Strateji Yol Xəritəsində və Dayanıqlı İnkişaf Məqsədlərində də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutulur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır. Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası qadın sahibkarlığının inkişafında, bu fəaliyyətin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları Komitənin BMT İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlatlarla birgə keçirdiyi layihələrin mühüm əhəmiyyəti vardır.

“Bu gün vacib məsələlərdən biri də,kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda daha fəal iştirak etməsidir. Ölkəmizdə əhalinin dörddə birini təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Komitənin BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi nəticəsində bu gün kənd qadınları çox aktivdirlər. Eyni zamanda,11 regionda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərimiz də bu sahədə qadınlara xüsusi təlimlər keçirilir. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapması üçün Xüsusi İş və Əmək Yarmarkaları reallaşdırılır. Qeyd etmək istərdim ki, yeni yaradılmış Azərbaycan Kənd Qadınları Assosiasiyası qadınların regional və ölkə səviyyəsində şəbəkələşməsi prosesinə öz mühüm töhfəsini verir. Həmçinin Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır“ deyə Hicran Hüsyenova əlavə edib.

Komitə sədri xüsusilə qeyd edib ki, bu konfransımızda çoxlu sahibkar qadınlar iştirak edir. Sevinirik ki, onların istehsal etdikləri məhsullar artıq brendə çevrilir. Gündən-günə ölkəmizdə işgüzar qadınlarımızın sayı artmaqdadır. Və biz bu xanımların fəaliyyətlərini, Azərbaycanın inkişafına verdikləri töhfələri yüksək qiymətləndiririk və onları hər zaman dəstəkləyəcəyik.

BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti çıxışı zamanı hökümət və digər beynəlxalq təşkilatlarla birgə 2011-ci ildən  etibarən həyata keçirilən “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatada iştirakının təşviqatı” layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, ötən müddət ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihə çərçivəsində Qadın Resurs Mərkəzləri yaradılmış, sahibkarlıq obyektləri açılmışdır. Alessandro Frakassetti bu layihənin qadınlara verdiyi ən mühüm töhfələr və uğurlarla bağlı fikirlərini bölüşüb.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış edərək qeyd edib ki, qadınların hüquqlarının müdafiə olunması, qorunması dövlətin ali məqsədlərindən biridir. Ombudsman bildirib ki, Azərbaycanda qadın hüquqları hər zaman prioritet məsələlərdən biri olub. “Qadın hüquqları Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadın və kişilərə bərabərlik verilməklə meydana gəlib. Azərbaycan 30 ildən çoxdur ki, işğalçılıq siyasətindən əziyyət çəkir. Bu müddət ərzində üzərimizdə erməni təcavüzünün olması, torpaqlarımız işğal altında olması və 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olması Azərbaycanda bütün sahələrdə mənfi təsir göstərib. Eyni zamanda Azərbaycan qadınlarının hüquqları pozulub. Ona görə də bütün sahələrin inkişaf etdirilməsi üçün sülh əsas şərtlərdən biridir. Bu münaqişə nəticəsində Azərbaycan da ziyan çəkir”.

Daha sonra çıxış edən  İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanda mikro və kiçik sahibkarlığın inkişafı üçün qanunvericilikdə hazırlanan yeni müddəalar qadın sahibkarların fəallığının artmasına təkan verəcək. O, həmçinin qeyd edib ki, hazırda ölkədə fərdi sahibkarların 22%-i qadınlardır: “Sahibkar qadınlarımız intellektual səviyyəli biznes şəbəkəsinə malikdirlər. Eyni zamanda qadınlarımız sosial sahibkarlıq sahəsi üzrə inkişaf edirlər. Azərbaycanda mikro və kiçik sahibkarlığın inkişafı üçün qanunvericilikdə yeni müddəalar hazırlanıb. Hesab edirəm ki, bu sahibkarlığın inkişafına müsbət təsirgöstərəcək. Adətən qadınların özünəinam məsələsində problemləri olur, bu da bütün dünyada belədir. Buna görə də mən sahibkar qadınlarımıza tövsiyyə edirəm ki, cəmiyyətdə uğur qazanmış, biznes sahəsində inkişaf etmiş qadınların fəaliyyətinə nəzər yetirsinlər və onlardan nümunə götürsünlər”. 

Rusiyanın Həştərxan vilayət Dumasının deputatı İrina Brıntseva qadın sahibkarların iqtisadiyyatdakı yerindən danışıb. Rusiyada qadın sahibkarların fəaliyyətindən danışan deputat qeyd edib ki, dövlətin dəstəyi ilə xanım iş adamlarının sayı çoxluq təşkil edir. Rusiyalı deputat vurğulayıb ki, Azərbaycanda da bu sahə inkişaf edir. Ölkədə böyük nailiyyətlər əldə etmiş sahibkar qadınların sayı kifayət qədərdir.

Forum 2 hissədə öz işini həyata keçirib. Forumun I hissəsi plenar şəkildə, ll hissə isə “Qadın sahibkarlığı Dayanıqlı İnkışaf Məqsədlərinə çatmaq üçün ən əhəmiyyətli amil kimi, “İKT vasitəsi ilə Qadın sahibkarlığının dəstəklənməsi və şəbəkələşmə“, Kənd ərazilərində sahibkalığın inkişafı üçün şəraitin yaradılması mövzuları üzrə panellərlə davam edib.