"Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi”mövzusunda ssesiya keçirilib

24 iyun 2019

Paylaş:

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilir. İyunun 26-dək keçiriləcək Forumunda dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri  fərqli seminar mövzuları üzrə müzakirələrdə iştirak  edəcəklər.

   Bu gün Forum çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi” mövzusunda  ssesiya keçirilmişdir.Seminarın moderatoru BMT-nin Qadınlar Proqramının Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Aliya Əl- Yassir idi. Seminarda Şimali Makedoniya, Albaniya,Serbiya, Koreyanın müvafiq nazirliklərinin nazirləri və nazir müavinləri iştirak edirdi.  Azərbaycan Respublikasında gender əsaslı dövlət xidmətlərinin təşviqindən danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova  bildirib ki, Azərbaycanda həmişə qadın hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edib. Bu da təsadüfi deyil. Hələ 100 il  bundan əvvəl Azərbaycan qadını seçib-seçilmək hüququna nail olub. Bu gün ölkədə güclü qanunvericilik bazası mövcuddur. Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi və Komitənin təşəbbüsü ilə Gender bərabərliyi,  Məişət zorakılığı ilə bağlı,  qız və oğlanlar üçün nikah yaşının eyni yaş müəyyən olunması, nikahdan öncə tibbi müayinənin keçirilməsi, könüllü nikah müqaviləsinin bağlanılması və digər  məsələ ilə bağlı Qanunlar qəbul edilib. Xüsusi olaraq vurğulanıb ki,  Qanun və Proqramlar daim  çox ciddi şəkildə gender ekspertizasından keçirilir və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirmə aparılır.  Lakin bizim üçün  vacibdir ki, bu qanunvericilik sənədlərin  implementasiyası daha da gücləndirilir.

     Komitə sədri bütün nailiyyətlərlə yanaşı ölkəmizin hələ də hələ də müharibə şəraitində  olduğunu vurğulayıb. Qaçqın və məcburi köçkünlərin, xüsusilə də bu təbəqədən olan qadınların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, təhsil, tibb və digər xidmətlərin əlçatan olması  Hökumət bütün zəruri işləri görür. Azərbaycanın bu sahədə təcrübəsi oxşar problemlər yaşayan ölkələrə nümunədir.

Həmçinin Komitə sədri Hicran Hüseynova bildirib ki,  ailə institutunun güclü olduğu Azərbaycan cəmiyyətində icma səviyyəsində qadın və qızlar üçün xidmətlərin genişləndirilməsi bizim əsas istiqamətlərimizdəndir. Bu məqsədlə dövlət uşaq bağçalarının sayının artırılması ilə bağlı cənab Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə önəmli addımlar atılır. Ümumiyyətlə, ölkə başçısının göstərişi ilə şəhərsalmanın yeni qaydalarına əsasən bütün yaşayış massivlərində məktəb və bağçalar tikilir. Bu xüsusi diqqətdə saxlanılır. Bu müəssisələrin yaşayış yerinin  yanında olması, qadınlar üçün imkan yaradır ki, onlar  ictimai-siyasi fəaliyyət göstərsinlər, karyera qursunlar.

  Qadınların informasiya texnologiyaları xidmətlərinə çıxışı və bundan istifadəsini inkişaf etdirmək də əsas prioritetlərdən biri kimi qiymətləndirən xanım Hicran Hüseynova qadınların  peşə hazırlığı kurslarına cəlb olunması, sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün  Komitənin, BMT İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla birgə  keçirdiyi layihələrin mühüm əhəmiyyətindən bəhs edən Komitə sədri  bu əməkdaşlıq çərçivəsində bölgələrdə fəaliyyət göstərən 8 Qadın Resurs Mərkəzləri və onun əldə etdiyi uğuları seminar iştirakçılarının nəzərinə çatdırıb.  Qeyd olunub ki, ümumilikdə 6 min nəfər təlimlərdə və tədbirlərdə  iştirak etmişdir.  Mərkəzlərin daimi olaraq 3000 nəfər üzvü vardır.  Layihə çərçivəsində qadınlar üçün  135  sahibkarlıq obyekti açılmış, 63 nəfər  əlavə olaraq işlə təmin olunmuşdur. Həmçinin bu gün kənd və digər sahələr üzrə qadın sahibkarların ümumi çəkisi 30 faizi ötüb.

Xanım H.Hüseynova bildirib ki, BMT- nin MAPS Missiyasının qiymətləndirməsinə əsasən ölkəmizin Gender üzrə DİM-lərlə uyğunluq göstəricisi 100%-dir. Qadın sağlam, təhsilli, iqtisadi cəhətdən güclü olmalıdırlar ki, həm ailədə, həm də cəmiyyətdə özünü təsdiq edə bilsin, eyni zamanda, dövlətimizin inkişafına töhfə verən övladlar böyütsün.  Bunun üçün isə ehtiyacları öyrənir və uyğun icra mexanizmləri tərtib edilir. O, qeyd edib ki, hər dövlət qurumunda, hətta özəl sektorda gender fokl pointlər təyin olunub. Onlar öz fəaliyyət sahələrində qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyinə nail olmaq üçün xidmətlər göstərirlər. Bundan əlavə hər bir Həmkarlar İttifaqlarında gender üzrə məsul şəxslər var, onların əsas işi qadınların əmək hüquqlarını müdafiə etmək və onların məhsuldarlığını artırmaq üçün xidmətlər göstərməkdir. Gender zorakılığı və  uşaqlara qarşı  zorakılıq üzrə bütün rayonların İcra Hakimiyyətləri yanında monitorinq qrupları  yaradılıb və onların fəaliyyətnin daha da effektiv olması üçün təlimlər keçirilir.  Səhiyyə Nazirliyi tərəfindən ucqar kəndlərdə, təmas xəttin və sərhəd boyu rayon və kəndlərdə  əhaliyə səyyar tibbi xidmətlər göstərilır. Komitə Azərbaycan Pediatorlar  Assosiasiyası və Z.Əliyeva adına Göz İnstitutu ilə layihə çərçivəsində  mütəmadi olara  uşaqlara  tibbi xidmət göstərilir. 5 ildir ki, Asan Könüllülərlə asan məktub layihəsini həyata keçirilir.  Layihə   çərçivəsində 700 nəfərdən yuxarı uşaqların ilkin ehtiyacı alınaraq onlara təqdim edilmişdir. İcmada olan digər xidmətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlı valideynlər üçün icma mərkəzlərinin fəaliyyətinin genişləndirilməsidir.  Qeyd edilib  ki, Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində eyni zamanda digər icma xidmətləri fəaliyyətə başlamışdır. Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birgə təşkilatçılığı ilə Qəbələ və Sabirabad “ASAN xidmət” Mərkəzində yuxarı sinif şagirdləri qızlar  üçün “Karyerada ilk addım” adlı təlimlər keçirilmişdir.

Daha sonra seminarın digər iştirakçıları öz ölkələrində  gender əsaslı xidmətlər haqqında məlumat veriblər. Seminar səmərəli müzakirələrlə davam etmişdir.

Seminardan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın BMT-nin Qadınlar Proqramının Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Aliya Əl- Yassirlə iki tərəfli görüşü olub. Görüş çərçivəsində həyata keçirilmiş birgə layihələr və gələcək əməkdaşlıq planları müazkirə edilib.