“Ailə Akademiyası” layihəsinin yekun tədbiri Zərdab rayonunda keçirildi

9 iyul 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə 2017-ci ildən etibarən start verilən
“Ailə Akademiyası” layihəsi uğurla yekunlaşıb.

Layihənin yekun regional tədbiri Zərdab Rayon İcra Hakimiyyəti ilə birgə Zərdab, Ağdam, Ağdaş, Göyçay, Kürdəmir, Bərdə rayonlarının aktiv bələdiyyələrinin iştirakı ilə 8 iyul 2019-cu il tarixində Zərdab rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib.  

Tədbiri giriş sözü ilə açan Zərdab rayon İcra Hakimiyyətinin başçısının müavini Pərvin Mahmudova tədbir iştirakçılarını salamlayaraq, layihənin əhəmiyyəti barədə çıxış edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət ailə siyasətinin əsas istiqamətləri, bu istiqamətdə qəbul edilən dövlət  proqramlarının, qanunların əhəmiyyətini vurğulayıb. Aynur Sofiyeva öz şıxışında milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsinin daha da möhkəmlənməsi istiqamətində  aparılan davamlı və məqsədyönlü siyasətin, bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərməsindən, möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamasından da ətraflı danışıb. Komitə sədrinin müavini eyni zamanda uşaq hüquqları sahəsində həyata keçrilən mühüm tədbirləri də diqqətə çatdıraraq, xüsusən də internetin zərərli vərdişlərindən uşaqların müdafiəsi, kibertəhlükəsizliyin təmin edilməsi istiqmətində atılan əməli addımlar haqqında məlumat verib.

Yerli özünüidarəetmə orqanları ilə birgə keçirilən “Ailə Akademiyası” layihəsi barədə məlumat verən A.Sofiyeva layihənin ictimai əsaslarla keçirildiyini və əsas hədəfin gənclər, xüsusilə gənc qızlar, yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib. O, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.

AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə ətraflı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Yetmişdən çox insanın iştirak etdiyi tədbirdə həm də Zərdab, Ağdam, Ağdaş, Göyçay, Kürdəmir, Bərdə rayonlarının bələdiyyə nümayəndələrinin çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Tədbir iştirakçılarına Komitə tərəfindən hazılanmış çap materiallar paylanılıb.

Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.