22 iyul Milli Mətbuat Gününə həsr olunmuş “Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilir

18 iyul 2019

Paylaş:

22 iyul – Azərbaycanda Milli Mətbuatın yaranmasından 144 il ötür. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Müstəqilliyin əldə  edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş  baş vermişdir. Və bu gün də maarifçilik missiyası uğurla yerinə yetirilir. Bu tarixi gün müxtəlif dövlət qurumlarında, o cümlədən,  respublikanın hər bir bölgəsində təntənə ilə qeyd olunur.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təşkilatçılığı ilə iyulun 19-da saat 11:00-da Hökumət Evinin konfrans zalında “Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçiriləcək. Milli Mətbuat Günü münasibətilə keçiriləcək konfransda dövlət orqanlarının, mətbuatın və ictimaiyyətin görkəmli nümayəndələri, jurnalistlər iştirak edəcəkdir. Azərbaycanda kütləvi informasiya vasitələrində dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində çıxışlar dinləniləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Konfransın yekununda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, eyni zamanda bu sahələrdə aparılan araşdırmalar və təhlillər üzrə 2019-cu ilin monitorinqinin nəticələrinə əsasən jurnalistlərin mükafatlandırılması nəzərdə tutulub.

Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.