Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb

23 iyul 2019

Paylaş:

23 iyul 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Komitədə könüllülük fəaliyyətinə cəlb edilmiş gənclərlə görüşüb.

Görüşdə çıxış edən Komitə sədri dövlətin həyata keçirdiyi gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Könüllülük fəaliyyətinin əhəmiyyətini qeyd edən H. Hüseynova bildirib ki, könüllülük dövlətin maraqlarına xidmət edən təmənnasız fəaliyyət növü olaraq ölkəmizdə yüksək qiymətləndirilir.  Könüllülərin Dövlət Komitəsində böyük təcrübə və səriştə qazanacaqlarına əminliyini ifadə edən H. Hüseynova bu təcrübələrin onların əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandığını qeyd edib.

Könüllülər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirərək, bu təcrübəni gələcək fəaliyyətlərində istifadə edəcəklərini qeyd ediblər.

Sonda fəaliyyətini başa vuran könüllülərə sertifikatlar təqdim olunub.  

Qeyd edək ki, cari ilin əvvəlindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 33  və Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində isə 64 nəfər, ümumilikdə 97 nəfər könüllülük fəaliyyətinə cəlb edilib. Komitədə və onun struktur bölmələrində könülülük fəaliyyəti ilə əlaqədar sənəd qəbulu davam edir.