Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qazaxda vətəndaşları qəbul etdi

16 sentyabr 2019

Paylaş:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 16 sentyabr Qazax rayonunda  vətəndaşların qəbulunu keçirib.    

Qəbulda Qazax, Ağstafa, Tovuz rayonundan olan  sakinlər iştirak etmişdir. Qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılmışdır. Eyni zamanda bu rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin edilib, eyni zamanda müraciətləri qeydə alınıb.  Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. O, ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayonun fəal qadınlarına məlumat  verib. Sonda müzakirələr aparılıb və tədbir iştirakçılarının təklifləri nəzərə alınıb.