“Qadınların liderliyi üzrə yay məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirildi

20 sentyabr 2019

Paylaş:

20 sentyabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Qadınların liderliyi üzrə yay məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri-layihə rəhbəri Məleykə Əlizadə və Komitə əməkdaşları iştirak edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Counterpart İnternational təşkilatlarının maliyyə dəstəyi ilə ənənəvi olaraq həyata keçirilən bu layihənin əsas məqsədi gənc qızların müəyyən ixtisas üzrə təhsil aldıqdan sonra müxtəlif sahələrdə iştirakçılığının artırılmasına ictimai vəkillik etməkdir.

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri-layihə rəhbəri Məleykə Əlizadə layihə ilə bağlı ətraflı məlumat verərk bildirib ki, layihənin əsas hədəf qrupları Bakı, Gəncə, İmişli, Ağdam, Kəlbəcər, Göygöl, Goranboy, Mingəçevir və Şəmkir rayonlarından olan gənc qızlardır. Layihənin birinci mərhələsi Göygöl rayonunun Toğana kəndində 01-10 sentyabr 2019-cu il tarixlərində reallaşdırılmış, onlara gender bərabərliyi,  liderlik keyfiyyətləri, idarəetmə bacarıqları, marketinq və digər mövzular üzrə təlimlər keçirilib və  bu sahələrdə tanınmış xanimlarla görüşlər təşkil edilib. Layihənin ikinci mərhələsində isə layihə iştirakçılarının müxtəlif qurumların rəhbərləri ilə görüşü nəzərdə tutulub. Bu görüşlərdən biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində  keçirilib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova siyasətdə və idarəetmədə qadınların rolundan, onların cəmiyyətin inkişafına verdikləri töhfələrdən bəhs edərək qeyd edib ki, Azərbaycan  qadınları bir  çox ölkələrdən  daha əvvəl siyasi hüquqlara nail olub: “İyirmi birinci əsr  Azərbaycan qadınının qarşısında  bir sıra vəzifələr qoyur. Bu missiya  nədən ibarətdir? Biz informasiya və innovativ texnologiyalar  dövründə yaşayırıq.  Biz necə etməliyik ki, qadın dünyadakı inkişafa uyğunlaşa və rəqabətə davam gətirə bilsin? Bunun  üçün nə lazımdır? Əlbəttə ki, qadın ilk növbədə təhsilli, professional olmalıdır ki, əmək bazarında rəqabətə dayanıqlı olsun”. 

     Qeyd edilib ki, Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu həm bizim zəngin ənənələrlə, həm də həyata keçirilən dövlət qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Möhtərəm cənab prezident İlham Əliyev və Birinci vitse – prezident Mehriban Əliyevanın diqqətini görürlər. Bu gün qadınlarımız, gənc qızlarımız sərbəst təhsil alır, peşəkarlıq səviyyələrini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Biz birlikdə qadınlara kömək etməliyik ki, onlar öz güclərinə inansınlar. Qadınların qərar qəbuletmədəki təmsilçiliyi adekvat olaraq icra  və biznes strukrutlarında, maarifçilik və təhsil, ədəbiyyat və incəsənət, idman sahələrində də özünü göstərir. Qadınlarımız elmin, texnikanın müxtəlif istiqamətlərində akademik sferada da fəaliyyət göstərirlər. Bu dinamika davamlı surətdə artmaqdadır.

Görüş müzakirələrlə davam edib.