“N” saylı hərbi hissədə tədbir keçirilib

4 oktyabr 2019

Paylaş:

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı ildən etibarən Müdafiə Nazirliyinin dəstəyi ilə hərbi hissələrdə, hərbi təhsil müəssisələrində dövlət ailə siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan ailəsinə xas milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ekspertlərin iştirakı ilə əsgərlər, zabitlər, hərbçilər və kursantlar üçün maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu istiqamətdə növbəti tədbir 4 oktyabr 2019-cu il tarixində “N” saylı hərbi hissədə əsgər və zabit heyətinin iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan hərbi hissənin zabiti, polkovnik-leytenant Ramin Əliyev bildirib ki, Azərbaycan xalqı vətənini sevməyi ailədə öyrənir. Azərbaycan analarının övladlarını milli qeyrət və vətənpərvər ruhunda tərbiyə etməsinin bəhrəsini Milli Qəhrəmanlarımızın simasında çox açıq görürük. Çıxışı zamanı Ramin Əliyev günümüzdə Mübariz İbrahimovun, Samid İmanovun, Murad Mirzəyevin timsalında bütün dünyaya milli ruhumuzun və vətən sevgimizin hansı həddlərdə olduğunu, millət olaraq daim digər xalqlara örnək olacaq qəhrəmanlıq salnamələrinin yazdığını xüsusi vurğulayıb. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı hərbi hissələrdə təşkil olunan  görüşlərin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamət əsas prioritetlərdəndir. M.İbrahimqızı çıxışı zamanı bildirib ki, bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri möhkəmdir, dönməzdir və bizlər cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik. Cənab Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirdiyi görüşü xüsusi xatırladan M.İbrahimqızı bildirib ki, Ali Baş Komandanın çıxışı xalqımız tərəfindən yüksək qiymətləndirilib, eyni zamanda insanlarımızda böyük ruh yüksəkliyi yaradıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hərbi hissələrdə mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır. A.Sofiyeva bildirib ki, “Azərbaycan ordusu günü-gündən güclənir, müasirləşir. İstər maddi-texniki təchizatın təkmilləşdirilməsi ilə, istər şəxsi heyətin nizam-intizamı ilə, istərsə də hərbçilərin  sosial təminatının gücləndirilməsi ilə ordumuz dünyanın ən güclü orduları sırasındadır”.    

A.Sofiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın Soçi şəhərindəki çıxışının Azərbaycanın bir dövlət olaraq gücünə, qüdrətinə, ordusunun qüvvəsinə, haqq-ədalət sözlərinə, tarixinə, ənənələrinə adekvat bir çıxış olduğunu xüsusi vurğulayıb. A.Sofiyeva həmçinin qeyd edib ki, xüsusilə də bugünkü realığa baxdıqda şahidi oluruq ki, insan kapitalını lazımi səviyyədə toplayıb lazım olan istiqamətə yönəldən cəmiyyətlər uğur əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət və Respublikanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın reallaşdırdığı tədbirlər nəticəsində ailələrin sosial müdafiəsi daha da gücləndirilmiş, çox ciddi və inqilabi islahatlar əsasında xüsusilə də həssas təbəqədən olan ailələrin, gənclərimizin rifah halı daha da yaxşılaşmışdır. Bu gün gənclərimizi müasir dövrə uyğun əsl vətəndaş kimi yetişdirmək, dünyagörüşlü, hərtərəfli inkişafda, milli-mənəvi dəyərlərə əsaslanan tərbiyədə formalaşdırmaq və ölkəsini, torpağını sevən vətənpərvər kimi yetişdirmək – bütün bunlar sağlam və etibarlı gələcəyimiz üçün əsas faktorlardandır.

Müdafiə Nazirliyinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri üzrə iş şöbəsinin müdiri Zümrüd Səmədova dövlət tərəfindən hər bir hərbiçiyə və onun ailəsinə göstərilən diqqət və qayğıdan, onların sosial şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardan söhbət açıb.

Sonda Hərbi hissənin Qərargah rəisi Ədalət Hacıyev qonaqlara öz təşəkkürünü bildirib və Azərbaycan Respublikasının dövlət rəmzlərini ifadə edən simvolik hədiyyələr təqdim edib.