Kişilər və Gender Bərabərliyi Siyasəti üzrə Nazirlərin III Beynəlxalq Konfransı keçirildi

20 oktyabr 2016

Paylaş:

17-18 oktyabr 2016-cı il tarixlərində Lüksemburqun Bərabər İmkanlar Nazirliyi və Almaniyanın Ailə, Yaşlı İnsanlar, Qadınlar və Gənclər Nazirliyinin birgə təşkilatçılığı  ilə  Lüksemburqda Kişilər və Gender Bərabərliyi Siyasəti üzrə Nazirlərin III Beynəlxalq Konfransı keçirilib.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova iştirak edib və bir sıra ikitərəfli görüşlər keçirib.

Hicran Hüseynova Lüksemburqun baş naziri cənab Xavier Bettel,  Bərabər İmkanlar naziri xanım Lydia Mutsch, Almaniyanın Ailə, Yaşlı İnsanlar, Qadınlar və Gənclər naziri xanım Elke Ferner, Norveçin Uşaq və Bərabərlik naziri xanım Solveig Horne, İsveçin Uşaq, Yaşlılar və Gender Bərabərliyi üzrə naziri xanım Asa Regner ilə keçirdiyi görüşlər zamanı qurumlar arasında qarşılıqlı  səmərəli əlaqələrin genişlənməsinin perspektivlərindən və gələcəkdə bu sahədə  həyata keçiriləcək əməkdaşlıq imkanları barədə danışıqlar aparıb.

Konfrans çərçivəsində çıxış edən Komitə sədri iştirakçılara Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, kişi və qadınlar üçün bərabər imkanların yaradılması sahəsində həyata keçirilən dövlət siyasəti ilə bağlı ətraflı məlumat verib. Hicran Hüseynova ölkədə gender bərabərliyinin, o cümlədən  ailələrin sosial müdafiəsinin təmin edilməsi kimi məsələləri özündə əks etdirən “Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyasında nəzərdə tutulan bir sıra strategiya və fəaliyyət planlarının hazırlanmasından bəhs edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəznində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin regionlarda həyata keçirdiyi maarifləndirmə tədbirləri, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların və qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası, ictimai həyatda fəallığının və iştirakçılığının artırılması, o cümlədən qadın sahibkarlığının inkişaf etdirilməsi sahəsində atılan addımlar barədə məlumat konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Səfər müddətində Hicran Hüseynova Lüksemburqda “Qarabağ” Mədəniyyət Cəmiyyətində olub və Cəmiyyətin sədri  xanım Lea Linster ilə görüş keçirib. Görüş zamanı Komitə sədri cəmiyyətin Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində həyata keçirdiyi fəaliyyətlə yaxından tanış olub.  O, Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusunun və sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər və bu sahədə əldə olunan nailliyətlər barədə cəmiyyət üzvlərinə  ətraflı məlumat verib.