Avropa Şurasının “Uşaqlara qarşı onlayn cinsi istismara və cinsi zorakılığa son verilməsi” layihəsi çərçivəsində tədbir keçirilib

23 oktyabr 2019

Paylaş:

23 oktyabr 2019-cu il tarixində Avropa Şurasının “Uşaqlara qarşı onlayn cinsi istismara və cinsi zorakılığa son verilməsi” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa Şurasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə uşaqlara münasibətdə onlayn cinsi istismar və seksual xarakterli hərəkətlərin qarşısının alınması və onlarla mübarizə sahəsində qanunvericilik və icra mexanizmlərində mövcud boşluqların təhlilinin nəticələri müzakirə edilib.

Tədbirin açılış nitqi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Avropa Şurasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Zoltan Hernyes çıxış ediblər.

Bildirilib ki, layihə AŞ Uşaq hüquqları strategiyası (2016-2021) çərçivəsində icra edilir və üzv dövlətlərə uşaqlara münasibətdə cinsi istismar və seksual xarakterli hərəkətlərin qarşısını almaqda dəstək göstərmək məqsədi daşıyır. Azərbaycan cari ildə pilot ölkə olaraq AŞ tərəfindən bu layihənin həyata keçirilməsi üçün seçilmiş və təşkilatın nümayəndə heyətinin Azərbaycana fakt-səfəri təşkil edilmişdir.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun Prezident tərəfindən imzalanmışdır və 2020-ci ildə qüvvəyə minəcəkdir. Qanun layihəsində uşaqlar üçün zərərli informasiyaların növləri müəyyənləşmişdir. A.Sofiyeva Komitə tərəfindən bu istiqamətdə həyata keçirilən mühüm layihələr barədə məlumat verib.

O çıxışında bildirib ki, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Lansarotedə imzalanmış Avropa Şurasının Konvensiyasının Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilməsi uşaqlara qarşı törədilən seksual xarakterli cinayətlərin qarşısının alınmasında, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsində və zərər çəkmiş uşaqların müdafiəsində irəliyə doğru atılmış böyük bir addımdır.