Lerikdə "Uşaq hüquqlarını bilək və paylaşaq” adlı maarifləndirmə tədbiri keçirilib

22 oktyabr 2019

Paylaş:

22 oktyabr 2019-cu il tarixində Lerikdə, rayonun müxtəlif məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə “Uşaq hüquqlarını bilək və paylaşaq” adlı maarifləndirmə xarakterli növbəti tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə Komitənin sədr müavini Aynur Sofiyeva açaraq, uşaqlara Komitənin fəaliyyəti haqqında məlumat verib, onlara təhsil, vətənpərvərlik, özünü tərbiyə kimi mövzularda dəyərli məsləhətlər verib. Daha sonra təlim Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyeva tərəfindən davam etdirilib.

 Təlim zamanı uşaq hüquqlarının yaranma tarixi, həmin sahədə beynəlxalq və daxili qanunvericilik, müvafiq sahə üzrə fəaliyyət göstərən beynəlxalq və yerli təşkilatlar haqqında məlumat verilib. Bununla yanaşı, təlimdə iştirakçılar, təhsildən yayınma və uşaq əməyinin istismarı, erkən nikah, erkən nikahlar əsasında yaranan fəsadlar, talassemiya, zərərli maddələrdən istifadənin nəticələri ilə bağlı məlumatlandırılıblar. Mövzu üzrə nümayiş olunan elektron təqdimatda uşaqlara qarşı zorakılıq, bullinq və onlardan müdafiə yolları şərh edilib. Eyni zamanda uşaq hüquqlarının pozulmasına səbəb olan hər hansı halla rastlaşan zaman uşaqların hara müraciət etməli olmaları və əlaqə nömrələri iştirakçılara təqdim olunub.

Daha sonra uşaqlarla qrup işi təşkil edilib, suallar cavablandırılıb, bukletlər paylanılıb. Sonda xatirə fotosu çəkilib.