Komitə sədri Nayrobi Sammitində çıxış edib

12 noyabr 2019

Paylaş:

12-14 noyabr tarixlərində Keniya Respublikasının Nayrobi şəhərində Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın 25 illik yubileyi münasibətilə  (İCPD 25) Nayrobi Sammiti keçirilir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti həmin tədbirdə iştirak edir. Tədbirdə BMT-yə üzv dövlətlərdə bu  istiqamətdə əldə olunan nailiyyətlər və qarşıda dayanan vəzifə və perspektivlər müzakirə  ediləcək.

Sammitdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edib: “Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın 25 illik yubileyinə həsr edilmiş bu mötəbər tədbirdə Azərbaycan hökümətini təmsil etməkdən şərəf duyuram. Məmnunluqla bildirmək istəyirəm ki, hər hamiləliyin arzulandığı, hər uşağın sağlam doğulduğu və hər gəncin potensiallarının reallaşdırıldığı bir dünya tərəfdarıyıq. Bu məqsədlə biz gender əsaslı ayrıseçkilik və zorakılıqlara qarşı beynəlxalq standartlara uyğun mübarizə apara bilmək üçün qanuni və siyasi çərçivələri möhkəmləndirməyə davam edəcəyik. Nayrobidəki bu görüş əldə edilən uğurları artırmağa və hamı üçün daha yaxşı dünya qurmaq üçün bizə gözəl imkan verir”.