Xızıda “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlim keçirildi

13 noyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə 2012-ci ildən başlayaraq qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə “Dayaq” Mentorluq proqramı həyata keçirir. Cari il ərzində yerli icra hakimiyyətinin, bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində regionlarda və Bakının rayonlarında təlimlər keçirilir.

Cari ay ərzində Şabran, Xızı, Oğuz və Ağsu yerli icra hakimiyyəti orqanlarında və bələdiyyələrdə çalışan nümayəndələr üçün maarifləndirici təlimlər keçirilib.

Xızı Heydər Əliyev Mərkəzində keçirilən təlimdə Xızı rayon icra hakimiyyəti başçısının müavini Jalə Süleymanova tədbiri açaraq qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə rayonda həyata keçirilən tədbirlər haqqında təlim iştirakçılarına məlumat verib və bu cür təlimlərin əhəmiyyətini qeyd edib. 

Təlimdə Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Sevil Rəsulzadə çıxış edərək dövlət qadın siyasəti, qadınların qərarqəbuletmədə təmsilçiliyi, bələdiyyə sistemində qadınlarının fəallığı, gender bərabərliyi, BMT-nin Dayanaqlı İnkişaf  Məqsədləri, stereotiplərlə mübarizə və digər mövzularda iştirakçılara məlumat verib.Təlim çərçivəsində mövzu ilə əlaqədar maarifləndirici videolar nümayiş etdirilib.  Eyni zamanda Liderlik təlimatı ilə əlaqədar təqdimatla çıxış edilib, qrup işləri təşkil edilib.  

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirakçılara “Qadınların yerli qərarvermədə iştirak etmək yolları və bu sahədə mövcud olan təcrübələr. Bələdiyyə seçkiləri, seçki prosesi” mövzularında ətraflı məlumat verərək seçki prosesi və qadınların bu seçkilərdə fəallığının artırılmasının önəmini qeyd edib.

Yekunda təlim iştirakçılarının sualları cavablandırılıb, interaktiv müzakirələr aparılıb. Təlim prosesində iştirakçılara AQUPDK və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə nəşri olan maarifləndirici kitabçalar paylanılıb.

Xüsusilə bələdiyyə üzvləri üçün nəzərdə tutulan bu təlimlər digər rayonlarda da davam etdiriləcək.