“Uşaq hüquqları: suallar və cavablar” mövzusunda dəyirmi masa keçirildi

20 noyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə ənənəvi silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərin davamı olaraq, noyabrın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Uşaq Günü münasibəti ilə “Uşaq hüquqları: suallar və cavablar” mövzusunda dəyirmi masa keçirilib. Öncə Komitə sədri Hicran Hüseynova Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin xidmətlərindən yaralanan uşaqlara hədiyyələr təqdim edib. Daha sonra tədbiri açan Komitə sədrinin müavini Aynur Sofiyeva Uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsillə, qayğı ilə əhatə olunması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında dövlət siyasətinin önəmindən danışıb. Daha sonra sədr müavini bu tədbirlərin uşaqların hüquqlarının təmin edilməsində, onlarda liderlik keyfiyyətlərinin formalaşmasında böyük rol oynadığını qeyd edib. O, bildirib ki, bu tədbirdə uşaqlara bütün düşüncələrini və onları narahat edən məsələri rahatlıqla bölüşə bilərlər. Bu sözlərin ardından Aynur Sofiyeva, Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva və Komitənin Uşaq Problemləri şöbəsinin rəhbəri Cəmilə Bağırova müzakirə üçün uşaqlara suallar ünvanlayıb. Suallar Uşaqların internet təhlükəsizliyi, Ekoloji sağlamlıqla bağlı olub.

Daha sonra Aynur Sofiyeva Komitənin ekologiyaya dəstək üçün layihəsindən danışıb: “Bilirsiniz ki, son illər ölkəmizdə ekologiya ilə bağlı tədbirlər keçirilir. Daha təmiz və daha sağlam mühitdə yaşamaq üçün ətraf mühitin qayğısına qalmalıyıq. Elə buna görə də bu gün biz sizə bu fidanları hədiyyə edirik ki, siz də onları öz həyətinizdə əkərək ekoloji təhlükəsizliyimizə öz töhfənizi verəsiniz”.

Ardınca uşaqlara fidanlar paylanıb. Tədbir dəyirmi masa ətrafında müzakirələrlə davam edib. Müzakirələrdə uşaqlar öz fəallığı və intellektual səviyyəsi ilə seçilirdilər.