Aynur Sofiyeva Banqkokda Konfransda çıxış edib

26 noyabr 2019

Paylaş:

Noyabrın 26-da Tailandın Banqkok şəhərində “Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsində Şimali və Mərkəzi Asiya dialoqu” mövzusunda konfrans keçirilib. 

Konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva təmsil edir.

Noyabrın 26-da keçirilən tədbirdə Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 12 strateji istiqamətindən altısı barədə müxtəlif ölkələrin çıxışları dinlənilib. Komitənin sədr müavini Aynur Sofiyeva “İnkluziv inkişaf, ortaq rifah və layiqli əmək” mövzusunda çıxış edərək, Azərbaycan təcrübəsini bölüşüb.

A.Sofiyeva bildirib ki, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadınların fəallığının yüksəldilməsi, müxtəlif sahələrdə təmsilçiliyinin artırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə mühüm qanunvericilik bazası yaradılaraq, beynəlxalq standartlara uyğunlaşdırılmış dövlət proqramları və fəaliyyət planları hazırlanıb: “Azərbaycan bir sıra konvensiyalara, o cümlədən, BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" barədə Konvensiyaya qoşulub. "Azərbaycanda qadınların rolunun artırılması", “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” verilən Sərəncamlar  qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün mühüm şərait yaratdı. Azərbaycan Respublikasının məcəllə və qanunlarına edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunların qəbul edilməsi gender bərabərliyinin təmin edilməsinə vacib töhfələr verdi.”

Qadınlar ölkənin iqtisadi inkişafında vacib rol oynayır. Qadınların iqtisadi müstəqilliyi yoxsulluğun azaldılmasını, qadınların sosial fəaliyyətdə inkişafını təmin etmək və bir çox hallarda cəmiyyətdə gender əsaslı zorakılıq hallarının aradan qaldırılması üçün imkanlar yaradır. Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Komitənin sədr müavini qeyd edib ki, əhalinin ¼-ni təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına ölkəmizdə xüsusi önəm verilir. Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. 8 ildir ki, BMT İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir ki, onun da məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Artıq bir neçə bölgədə yaradılan Qadın Resurs Mərkəzləri ölkə boyu kənd və rayon qəsəbələrində yaşayan, iqtisadi baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərmək məqsədini daşıyır və kənd  qadınlarının işgüzar və sosial imkanlarının artırılmasına yönəlir. Eyni zamanda, həyata keçirilən "AMAL" və “AFAQ” adlı layihələr də uğurla davam etdirilir. Görülən işlərin nəticəsidir ki, sahibkarlar arasında qadınların iştirakçılığı son 7 ildə 3 dəfə artaraq 35 %-ə yüksəlib.

 O, diqqətə çatdırıb ki, Azərbaycanın bütün bölgələrində əhalinin, xüsusən də qadınların ənənəvi, eləcə də qeyri-ənənəvi sahələrdə işləməsi üçün mühüm obyektlər tikilib. Yaradılan bu iş yerlərində həssas təbəqədən olan qaçqın və məcburi köçkün qadınlarımızın təmsilçiliyinə xüsusi diqqət yetirilir. 

 A.Sofiyeva bildirib ki, ölkə qarşısında Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, Pekin Fəaliyyət Platforması və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kimi çox mühüm bir öhdəliklər var. Sənəddə Gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi məsələsi müstəqil məqsəd kimi müəyyən edilərək, hədəflər göstərilib. Ölkənin iqtisadi yüksəlişi bu sahəyə investisiyaların qoyulması və dəstəklənməsi üçün real imkanlar yaradır.” 

Konfransda Özbəkistan, Rusiya, Gürcüstan, Tükmənistan, Qırğızıstan, Əfqanıstan, Qazaxıstan, Tacikistan və digər ölkələr də yoxsulluğun azaldılması, sosial müdafiə, zorakılıqla mübarizə, qadın iştirakçlığı, inkluziv cəmiyyət və digər mövzular ətrafında  təcrübələrini bölüşüb, fikir və təkliflərini səsləndiriblər. 

Qeyd edək ki, Aynur Sofiyeva 27-29 noyabr tarixlərində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 25 illiyinə həsr olunmuş konfransda da çıxış edəcək.