“Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlimlər davam etdirilir

4 dekabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə 2012-ci ildən başlayaraq qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə “Dayaq” Mentorluq proqramı həyata keçirir. Cari il ərzində yerli icra hakimiyyətinin, bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində regionlarda və Bakının rayonlarında təlimlər keçirilir.

Dekabrın 4-də Qəbələdə yerli icra hakimiyyəti orqanlarında və bələdiyyələrdə çalışan nümayəndələr üçün maarifləndirici təlim keçirilib. Qəbələ İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbiri açaraq qadın hüquqlarının müdafiəsi, qadınların müxtəlif sahələrdə təmsilçiliyinin artırılması istiqamətində rayonda həyata keçirilən tədbirlər haqqında təlim iştirakçılarına məlumat verib.

Təlimdə Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək dövlət qadın siyasəti, qadınların qərarqəbuletmədə təmsilçiliyi, bələdiyyə sistemində qadınlarının fəallığı, gender bərabərliyi, BMT-nin Dayanıqlı İnkişaf  Məqsədləri, stereotiplərlə mübarizə və digər mövzularda iştirakçılara məlumat verib.

Təlim çərçivəsində iştirakçılara “Dövlət Qadın Siyasəti” adlı qısametrajlı film nümayiş etdirilib.  Filmdə Ulu öndər Heydər Əliyev tərəfindən qadınların idarəetmədə təmsilçiliyinin artırılması məqsədilə qəbul edilmiş qərarlar, Pekin Konfransı, qanunvericiliyin təkmilləşdirilməsi, gənc qadınların ölkənin inkişafına töhfəsi və digər məsələlər əks olunub.

Təlimdə dövlət qadın siyasəti, gender bərabərliyi, məişət zorakılığı, qadınların liderlik keyfiyyətləri, qadınların qərarqəbuletmədə təmsilçiliyi və diqər mözular üzrə təlimçi tərəfindən məlumat təqdim edilmişdi. Tədbirdə bələdiyyələrlə yanaşı, QHT-lərin nümayəndələri və ali təhsil ocaqlarının müəllimləri iştirak edib.

Təlim çərçivəsində “Qadın Hüquqlarının Müdafiəsi: Beynəlxalq və Milli Aspektlər” və “Liderlik təlimatı” adlı maarifləndirici vəsaitlər təqdim edilir.