Dövlət Komitəsində UNİCEF-lə əməkdaşlıq məsələləri müzakirə edilib

17 yanvar 2020

Paylaş:

 

17 yanvar 2020-ci il tarixində Komitənin sədri vəzifələrini icra edən Aynur Sofiyeva BMT-nin Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.

Görüş zamanı Azərbaycan Hökuməti və UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında  2021-2026-cı illər üzrə əməkdaşlığı nəzərdə tutan Ölkə Proqramının hazırlanması ilə bağlı müzakirələr aparılıb. Görüşdə Komitənin və UNİCEF-in müvafiq struktur bölmələrinin əməkdaşları da iştirak edib.

Sədr vəzifələrini icra edən Aynur Sofiyeva Komitə tərəfindən uşaq hüquqlarının müdafiəsi, xüsusilə, uşaqların cəmiyyət həyatında iştirakçılığının gücləndirilməsi ilə bağlı aparılan işlər barədə məlumat verib, UNİCEF-lə birgə həyata keçirilən layihələrin bu istiqamətdə əhəmiyyətini vurğulayıb. Aynur Sofiyeva 2020-ci il üçün uşaq hüquqlarının müdafiəsi ilə bağlı planlardan söz açaraq, həyata keçiriləcək tədbirlərin daha geniş məsələləri əhatə etməsinin vacibliyini diqqətə çatdırıb. Müasir dövrdə medianın uşaq hüquqlarının müdafiəsində rolunun daha da gücləndirilməsi, uşaqların innovativ yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, regionlarda uşaqların asudə vaxtlarının təşkili sahəsində problemlərin araşdırılması kimi məsələlərə toxunub.

 UNİCEF-in Azərbaycan nümayəndəsi cənab Edvard Karvardin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin UNİCEF-lə əməkdaşlığını yüksək  qiymətləndirib və bu əməkdaşlığın verdiyi müsbət nəticələri qeyd edib. UNİCEF-in ölkə nümayəndəsi Hökumətlə birgə həyata keçirilən layihələr barədə məlumat verib və uşaq hüquqlarının daha etibarlı təminatı istiqamətində Komitə ilə əməkdaşlığın perspektivləri müzakirə edilib. Xüsusilə uşaqlarla işləyən mütəxəssislərin təlimlərə cəlb edilməsi işlərinin davam etdirilməsi, uşaq qayğısı üzrə standartların işlənib hazırlanması və tətbiqinə nəzarətin təşkil edilməsi, mediada uşaq hüquqlarının təminatı, uşaqların zorakılıqdan müdafiəsi sahəsində birgə tədbirlərin həyata keçirilməsi məsələlərinə toxunulub. UNİCEF-in qarşıdakı illərdə də Azərbaycanla əməkdaşlığının gücləndirilməsi, Azərbaycan Hökuməti və UNİCEF arasında 2021-2026-cı illər üzrə Ölkə Proqramının hazırlanması sahəsində aparılan işlər barədə müzakirələr aparılıb.