“İslamda qadın zorakılığına münasibət” adlı tədbir keçirildi

20 sentyabr 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə 2016-cı il 20 sentyabr tarixində Hökumət Evinin Akt zalında “İslamda qadın zorakılığına münasibət” adlı tədbir keçirilib.

Tədbir millət vəkilləri, digər dövlət qurumlarının nümayəndələri və ilahiyyatçıların iştirakı ilə baş tutub. Tədbirin keçirilməsində məqsəd islamda qadın-kişi bərabərliyi, islam cəmiyyətində qadının mövqeyi, ailə dəyərlərinə və qadınlara qarşı zorakılığa islami münasibətin düzgün qiymətləndirilməsi və digər məsələlərdir.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbir iştirakçılarını salamlayıb və təqdimatla çıxış edərək bildirib ki, müstəqilliyimizi bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradılmışdır və bu müdrik siyasi-mənəvi xətti  uğurla davam etdirən  möhtərəm  Prezident cənab İlham Əliyevin sözləri ilə desək, “Azərbaycanda din-dövlət münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir.

Dünyada cərəyan edən proseslərin müsəlman cəmiyyətlərində qadınların vəziyyətinə önəmli təsir göstərdiyini qeyd edən Hicran Hüseynova əlavə edib ki, hazırkı məqamda Azərbaycan da daxil olmaqla müsəlman cəmiyyətləri qarşısında duran başlıca vəzifələrdən biri qadınlara münasibətdə ənənəvi dəyərlərin və müasir inkişaf tendensiyalarının vəhdətinə nail olmaqdır. “Lakin əfsuslar olsun ki, dini – mənəvi dəyərlərin çatdırılmasında bir sıra narahatedici məqamlar mövcuddur. Əvvəlcə onu qeyd edim ki, hələ də insanların təfəkküründə yanlış dini stereotiplər var və bu, bir çox hallarda problemlər yaradır. Digər tərəfdən isə bu problemlər bəzi dini icmaların, sektaların destruktiv fəaliyyəti ilə bağlıdır. Və bütün bunlar, ailələrin dağılmasına, valideyn – övlad münasibətlərinin, qadın hüquqlarının pozulmasına təsir edir. Təəssüflər olsun ki, biz hələ də, təhsildən yayınan, erkən yaşda nikah quran qızların olması faktı ilə rastlaşırıq. Bəzən biz valideynlərlə söhbət edəndə onlar  bunu dinin təsiri ilə bağlayırlar. Nə İslamda, nə Azərbaycan mentalitetində, adət-ənənələrində belə bir yanaşma yoxdur. Əksinə, bizdə qadına, anaya və böyüklərə hər zaman hörmət göstərilir.”

Komitə sədri qeyd edib ki, bütün dünyada, o cümlədən, Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı bir sıra problemlər aktuallığını saxlamaqdadır. “Erkən nikahlar, qadınlara münasibətdə ayrı-seçkiliyə hələ də yol verilməsi, məişət zorakılığı və digər  problemlərin həlli üçün hələ çox iş görülməlidir. Eyni zamanda,unutmayaq ki, Azərbaycan işğala məruz qalmış bir ölkədir. Təəssüf ki, dünya ictimaiyyəti  hələ də dinc sakinlərə qarşı soyqırım həyata keçirən Ermənistanın təcavüzkar siyasətinə lazımı qiymət verməmişdir. Hərbi münaqişənin  doğurduğu çətinliklərə baxmayaraq, ölkəmizdə qadın hüquqlarının qorunması daim diqqət mərkəzindədir. Və bununla əlaqədar olaraq  Komitə Heydər Əliyev Fondu, və BMT-nin Əhali Fondu  ilə birgə bir çox  layihələr həyata keçirir.  Qeyd etməliyik ki, ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın bu problemlərə diqqəti  olduqca önəmlidir.”

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri həm də islam dəyərləri ilə bağlıdır. Azərbaycan islam dövlətidir, dünyəvi, multikultural və tolerant dövlətdir. Dəyərlərimizi mühafizə etmək üçün geniş və hərtərəfli fəaliyyət göstərməliyik. O qeyd edib ki, dini radikalizmə, xurafata qarşı mübarizədə, ailə idarəçiliyində, uşaqların təlim-tərbiyəsində qadınlar mühüm rol oynayır. Ailədə qadınlar dini ənənələri yaxşı bilib tətbiq etsələr, gənc nəsil də bu məsələdə düzgün tərbiyə olunmuş olar. “Bu məsələdə ailə tərbiyəsi ilə məktəb tərbiyəsi üst-üstə düşməlidir: “Biz dini maarifləndirmə işlərini davam etdirməliyik. Məişət zorakılığı həm qadına, həm də uşaqlara qarşı baş verir. Zorakılıq halları yalnız islam aləminə, yaxud yalnız Azərbaycana xas deyil, bütün dünyada bu hadisələr baş verir. Səmavi dinlərin müqəddəs kitabları hər cür zorakılığın əleyhinədir. İslam dini qadın hüquqlarına böyük önəm verir. Qadına qarşı zorakılıq elementləri xristian ölkələrinə nisbətən islam dünyasında daha azdır”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı çıxışı zamanı bildirib ki, bütövlükdə bütün dinlər əxlaqa istinad edir. “Ancaq islamda əxlaq normalarına daha çox yer verilir. Məhz islamdan sonrakı dövrdə qadınlar daha çox hüquq və azadlıqlar qazanıblar.” Zorakılıq məsələsinə də toxunan millət vəkili qeyd edib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Ona görə də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır. O, bu istiqamətdə genişmiqyaslı maarifləndirmə tədbirlərinin həyata keçirildiyini vurğulayaq bildirib ki, bu məsələdə vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin də üzərinə böyük iş düşür.

Daha sonra Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, milli-mənəvi dəyərlər islamda olduğu kimi ailədə də təbliğ olunur. Hadı Rəcəbli eyni zamanda ailədə valideynlərin uşaqlara təsiri, valideyn tərbiyəsinin önəmini də qeyd edib. O vurğulayıb ki, bütün müzakirələrin mahiyyəti odur ki, biz mənəviyyatı, mənəvi dəyərləri cəmiyyətdə saxlamaq, qorumaq istəyiriksə, mütləq ilkin olaraq ailədən başlamalıyıq.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, BDU-nun İlahiyyat fakültəsinin Dillər kafedrasının müəllimi, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Mirzəyeva, AMEA-nın əməkdaşı İradə Zərqan, İslam Universitetinin əməkdaşı Aslan Həbibov mövzunun aktuallığını qeyd edərək, islam dininin dəyərlərini və islamda qadına olan müsbət münasibəti vurğulayıblar. Qeyd edilib ki, əhali arasında dini maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ehtiyac vardır. Eyni zamanda bu istiqamətdə təklif və tövsiyələr dinlənilib.

Tədbirin yekununda mövzu ilə əlaqədar müzakirələr aparılıb.

İslamda qadın zorakılığına münasibət-təqdimat