Komitə nümayəndəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçirilən virtual hakatonda mentor qismində çıxış edir

11 aprel 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qoşulduğu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “SUP.VC” təşkilatının koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə təşkil etdiyi virtual hakatona layihələrin qəbulu artıq başlanıb.

10-12 aprel tarixlərində onlayn şəkildə keçirilməsi nəzərdə tutulan hakaton təhsil, səhiyyə, bizneslərə dəstək, turizm, məlumatlılığın artırılması, gündəlik xidmət tələbatlarının qarşılanması və sosial-humanitar sahələrdə pandemiya ilə əlaqədar yaranmış təsirləri və fəsadları aradan qaldıran texnoloji həlləri bir araya yığmağı hədəfləyir.

Komitə əməkdaşı, Regional Mərkəzlərlə İş şöbəsinin baş məsləhətçisi Məftunə İsmayılova mentor qismində çıxış edərək, startapçıların hazırladıqları innovativ layihələrə müvafiq istiqamətlərin verilməsində köməklik göstərəcəkdir.

Qeyd edək ki, hakaton qlobal səviyyədə keçirilir və bütün ölkələrdən iştirakçıların müraciəti üçün açıqdır. İdeyalar, elan edilən mövzular üzrə çoxillik təcrübəyə malik yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcək. Təklif olunan həll yolu - asan və tez tətbiq olunması, eləcə də çətinliyi effektiv və daha qənaətli şəkildə həll etməsi, eyni zamanda digər meyarlara əsasən qiymətləndiriləcək.

Dünyanın müxtəlif ölkələrindən olan parlaq zəkalarla birgə hakatonda iştirak etmək üçün www.hackcov19.com saytında qeydiyyatdan keçərək ideyanızı təqdim edə bilərsiniz. Virtual hakatonun mükafat fondu 10.000 ABŞ dollarıdır.

Qeyd: Hakaton ortaq fikirə sahib insanların müəyyən bir müddət ərzində, komanda işi halında eyni mühitdə innovativ ideyalarını kodlaşdırdıqları müsabiqələrə verilən addır.