“Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları” mövzusunda onlayn müzakirə keçiriləcək

21 aprel 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi karantin və sosial izolyasiya müddətində ailələrdə yaranan psixoloji problemlərin həllində köməklik göstərmək məqsədilə psixoloqlarla müntəzəm olaraq, onlayn görüşlər keçirəcək. Görüşlərdə vətəndaşları maraqlandıran məsələlər müzakirə olunacaq. 

Məlumdur ki, pandemiya dövründə emosional gərginlik yaşamaq, təşvişə düşmək, qorxu və həyəcan keçirmək və bu kimi digər psixoloji hallar ailədaxili münasibətlərə də sirayət edərək müəyyən problemlər yarada bilər. Bu müddət ərzində ailədaxili münasibətlərin tənzimlənməsində diqqət yetirilməli məqamlar, ailə işinin təşkili, ailədaxili ünsiyyətin qurulması qaydası və s. məsələlər müzakirə olunacaq.  

Aprelin 22-də, saat 15.00-da “Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları” mövzusunda keçiriləcək bu dəfəki onlayn görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları  Zülfiyyə Sadıqova (psixoloq) və Rafiq Mahmudov, Harmoniya Psixologiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva iştirak edəcəkdir. 

Onlayn müzakirə Komitənin rəsmi facebook səhifəsində birbaşa canlı yayımlanacaq və görüş zamanı vətəndaşlar tərəfindən verilən suallar mütəxəssislər tərəfindən cavablandırılacaq. Siz də müzakirələrdə iştirak edə və sizi narahat edən məsələlər üzrə suallarınızı səhifəmizə ünvanlaya bilərsiniz.