Pandemiya dövründə gender bərabərliyi sahəsində görülmüş işlər təhlil edilib

22 may 2020

Paylaş:

Mayın 22-si Cənubi Qafqaz və Orta Asiyada pandemiya müddətində gender bərabərliyi sahəsində görülmüş işlərin təhlil edilməsi üçün BMT Qadınlar Təşkilatının (UN Women) Regional Ofisinin təşkilatçılığı ilə virtual görüş keçirilib. Görüşdə Cənubi Qafqaz və Orta Asiya üzrə təşkilata üzv olan 8 ölkələnin müvafiq qurumlarının rəhbər şəxsləri, o cümlədən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrininin müavini Sədaqət Qəhrəmanova iştirak edib. 
BMT-nin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin regional direktoru Aliya Al-Yassir və BMT-nin Baş katibinin köməkçisi, BMT Qadınlar Təşkilatının İcraçı direktorunun müavini Asa Reqner tədbir iştirakçılarını salamlayıb, dünyanın üzləşdiyi mövcud vəziyyətdən danışaraq Covid-19 pandemiyasının iqtisadi və sosial təzahürlərinin daha çox qadınlara və qızlara qarşı münasibətlərdə özünü biruzə verdiyini diqqətə çatdırıb. 
Sədr müavini Sədaqət Qəhrəmanova çıxışı zamanı karantin müddətində ölkədə həyata keçirilən tədbirlərdən, insanların sosial rifahının tənzimlənməsi, həyat şəraitinin normada saxlanması üçün atılan addımlardan bəhs edib. Pandemiya müddətində gücləndirilmiş rejimdə işləyən səhiyyə sistemi işçilərinin 66%-nin qadınlar olduğu və onların virusdan qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi qeyd edilib. Dövlət büdcəsindən ayrılan sosial yardımı alan 600 000 nəfərin 45%-ini qadınlar təşkil edib. Bununla yanaşı Komitə tərəfindən insanların virus əleyhinə mübarizə sahəsində maarifləndirilməsi, onlayn şəkildə psixoloji dəstək göstərilməsi üçün silsilə tədbirlər həyata keçirilib. Sədaqət Qəhrəmanova pandemiya zamanı gender bərabərliyinin təmin olunması ilə bağlı atılan addımlardan danışarkən bu müddətdə mövcud vəziyyətin təhlili və analizlərinin aparıldığını, əldə olunan nəticələrə əsasən qadınların məşğulluğunun artırılması istiqamətində Milli Fəaliyyət Planının hazırlandığını bildirib. Sosial izolyasiya dönəmində həcmi artdığına görə aktual mövzuya çevrilən evdə əvəzi ödənilməyən iş məsələsinin də Fəaliyyət Planına daxil edildiyi, işsizlərin sosial müdafiəsi məqsədilə ilin sonunadək 90 000 ictimai iş yeri açılmasının planlaşdırıldığı qeyd edilib. Sonda sədr müavini tədbir iştirakçılarını gender bərabərliyinin təmin olunmasında birliyə, əməkdaşlığa dəvət edib. 
Eyni zamanda, görüşdə iştirak edən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Moldova, Ukrayna, Gürcüstan rəsmiləri gender bərabərliyinin təmin edilməsi sahəsində öz ölkələrində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, təcrübələrini bölüşüblər.