“Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili" adlı təlimlər keçirilir

20 iyul 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində Respublikanın bütün rayon və şəhərlərini əhatə edəcək “Gender Əlaqələndiriciləri üçün gender məsələlərinin təhlili” adlı onlayn təlimlərin keçirilməsinə başlayıb.

4 iyul Lənkəran şəhərinin, Astara və Lerik rayonunun, 6 iyul Mingəçevir və Yevlax şəhərlərinin, 7 iyul Şəki şəhərinin və Oğuz rayonunun, 9 iyul Gəncə şəhərinin, Goranboy və Kürdəmir rayonlarının, 10 iyul Göyçay, Ağsu, Şamaxı, Qəbələ və İsmayıllı rayonlarının, 11 iyulda Masallı, Cəlilabad və Yardımlı rayonlarının İcra Hakimiyyəti əməkdaşlarının , bələdiyyə sədrlərinin və icra nümayəndələrinin birgə iştirakı ilə onlayn təlim keçirilib.

Təlimlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova təmsil edərək, dövlət qadın siyasəti, gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, layihələr, bu sahədə mövcud qanunvericilik aktları və s. haqqında iştirakçılara ətraflı məlumat verib.

Təlimlər çərçivəsində gender məsələlərinin təhlili, yerli hakimiyyət orqanlarının fəaliyyət planlarına gender bərabərliyinin daxil edilməsinin “SWOT” təhlili, yanaşma və strategiyası, gender həssas göstəricilər və s. mövzular haqqında ətraflı məlumatlar verilib, müzakirələr aparılıb.

Təlimləri Bakı Dövlət Universitetinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi, “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün Praktiki Tövsiyyələr”in müəlliflərindən biri Nigar Səfərova aparıb.

Təlimlərdə Gender Məsələləri üzrə Məsul şəxslər- İcra Hakimiyyəti başçılarının müavinləri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirləri, İcra Hakimiyyətlərinin digər əməkdaşları, bələdiyyə sədrləri, icra nümayəndələri gender məsələləri ilə bağlı rayonda həyata keçirilən tədbirlər, görülən işlər haqqında ətraflı məlumat veriblər.

Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.