“Ailə Könüllüləri” layihəsi

23 iyul 2020

Paylaş:

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz növbəsində geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək verərək, “Ailə Könüllüləri” layihəsinə start vermişdir.

Layihənin həyata keçirilməsində əsas məqsəd müxtəlif ünsiyyət vasitələri və əlaqə mexanizmlərindən istifadə etməklə milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, bilik və təcrübələrin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrinin insanlar arasında yayılması, həmçinin ailələrin asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.

Həssas qruplara daxil, aztəminatlı, o cümlədən gənc ailələrin qarşılaşdıqları çətinliklərin və problemlərin həlli üçün müvafiq xidmətlərə yönləndirmək, habelə sosial, psixoloji və mənəvi dəstək göstərmək də layihənin məqsədləri sırasındadır.

Sevindirici haldır ki, Azərbaycanın müxtəlif regionlarından olan ailələr bu layihəyə böyük həvəslə qoşuldular. Biz də “Ailə könüllüləri”  layihəsində iştirak edən könüllü ailələri və onların pandemiya dövründə gördüyü işləri qiymətləndirərək sizin də tanış olmağınız üçün təqdim etmək istərdik.
 

1. Nərimanov rayon sakini Rəhmanovlar ailəsinin nümayəndəsi Sara xanım Bakı Slavyan Universitetinin dosentidir. Sara xanım qızı Cəmilə ilə Nərimanov rayonunda yerləşən “Azərbaycan Gözdən Əlillər” Cəmiyyətinin binasında yaşayan iki ailəni ziyarət edərək onları özlərinin bişirdiyi şirniyyatdan çay süfrəsi ətrafında dadmağa dəvət etmiş və maraqlı ünsiyyət quraraq bir-biriləri ilə tanış olmuşlar.

2. Zərdab rayonunda yaşayan Əhmədovlar ailəsinin nümayəndəsi, Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsi Aişə Əhmədova qonşu uşaqlar: Buxara və Ülvi Əhmədovlara könüllü olaraq ingilis dilini tədris edir.

3. Lerik rayonunda yaşayan Haşımovlar ailəsinin nümayəndəsi ATU-nun tələbəsi Nərmin  təqaüddə olan tibb işçisi Səmayə Quliyevanı         evlərinə dəvət edərək hazırladığı şirniyyatla çay süfrəsində maraqlı söhbətlər ediblər.                 

4. Həşimovlar ailəsindən daha bir nümuməvi addım: Ailə Lerik rayonunda anadan olmuş iki qəhrəman haqqında videoçarx hazırlamışdır. Ailənin daha bir məqsədi “Qəhrəman ordumuz basılmaz! Qələbə bizimlədir!” devizi altında igidlər haqqında Uzunömürlülər muzeyində stend yaratmaq və cəmiyyət üzvlərini  onlarla tanış etməkdir.   

5. Sabunçu rayonunda yaşayan Quliyevlər ailəsindən Aypara xanım öz nəvəsi ilə yaxınlıqda yaşayan, övladlarını tək böyüdən Bahar xanımın evinə qonaq gedərək balaca Xumar və Xədicəni öz xeyirxah əməlləri ilə sevindirib və maraqlı söhbət ediblər.

6. Xəzər rayonunda yaşayan Hüseynovlar ailəsinin nümayəndəsi Dilarə xanım “Qızıl Ay” incəsənət mərkəzinin müəlliməsidir. O, öz evindəki kiçik emalatxanasında şagirdlərə toxuma və rəsm dərsləri keçərək öz sirlərini də onlardan əsirgəmir.

7. Suraxanı rayonunda yaşayan fəal gənc Nigar Rəhimova nənəsi və qardaşı ilə təqaüddə olan Mürsəlovlar ailəsini ziyarət etmiş, çay süfrəsi ətrafında gənc və yaşlı nəsil arasında maraqlı dialoq baş tutmuş, yaşlı nəslin məsləhətləri dinlənilmişlər.

8. Nəsimi rayonu 14 nömrəli məktəbdə müəllimə işləyən Hüseynovlar ailəsinin nümayəndəsi Svetlana xanım yaxınlıqda yaşayan təqaüdçü ailəsinə baş çəkərək onları sevindirmiş, yaşlı nəslin maraqlı söhbətlərini dinləmişdir.

9. Sumqayıt şəhərində yaşayan Vəliyevlər ailəsi Qarabağ müharibəsi veteranı Bəhruz Hübətəliyevin anası Nazilə xanımı əkiz nəvələri ilə evlərinə çay süfrəsinə dəvət etmişlər. Görüş zamanı çox maraqlı mövzular müzakirə edilmişdir.

10. Ehtiyatda olan əsgər, snayperçi qadın Nağıyeva Kəmalə Gədəbəy rayonunun düşmənlə həmsərhəd kəndlərindən olan Mor-mor kəndində yaylağa qalxaraq çobanlarmıza və onların ailələrinə istədikləri yeməyi bişirərək köməklik etmişdir, maraqlı söhbətlər aparmışdır.

11. Tərtərdən olan Axundovlar ailəsi vətənimizin müdafiəsində iştirak etmiş, yurd-yuvalarından didərgin düşmüş və hazırda təqaüddə olan, uzun müddət bir–biriləri ilə görüşməyən müəllim ailələr ilə görüşdürmüşdür. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, görüşə  nənə ilə gəlmiş nəvələrin atası doğma torpaqlarımız uğrunda döyüşlərdə canından keçmiş və şəhid olmuşdur. Şəhidimizin məkanı cənnət, ruhu şad olsun. Uzun müddət bir-birilərini görməyən insanlarla görüşmək, uşaqlarla vaxt keçirmək ailələr üçün həm kədərli, həm də çox xoş oldu........

12. Xaçmaz rayonunda yaşayan Osmanovlar ailəsi (Osmanov Baba  Biologiya müəllimi, Özüm Osmanova Seylan İngilis dili müəllimi,  əkizlər - Osmanova Nəzmiyə Tibb Universitetinin birinci kurs tələbəsi və Osmanova Haliyə Dövlət Təhlükəsizlik Xidməti Akademiyasının birinci kurs kursantı, Osmanlı Gulay isə üçüncü sinif şagirdi. Osmanlı Nadirin isə 4 yaşı var). Bu ailə əməliyyata hazırlaşan iki qüsurla doğulmuş Azər İsmayılovun ailəsini ziyarət etmiş və gələcəkdə həkim olmaq istəyən balaca Azərin könlünü   xoş etmişlər.

13. Qusar rayonunda yaşayan Xanlarovlar ailəsinin nümayəndəsi Nərgiz xanım hərbiçi ailəsini ziyarət etmişdir. Ailə başçısı olan Fikrət bəy 25 ildir ki, gizir vəzifəsində çalışıb. Onları gülərüzlə qarşılayan ailə başcısı söhbət əsnasında fəaliyyəti boyunca aldığı medal və tərtiflər ilə qonaqları tanış etmiş, maraqlı fikirlərini bölüşmüşdür.

14. Şirvan şəhərində yaşayan İmanovlar ailəsi acınacaqlı vəziyyətdə olan oğlu əsgərlikdə rəhmətə gedən vaqonda tək yaşayan ailəyə baş çəkmiş, onlara dəstək olmuşlar.

15. Binəqədi rayonunda yaşayan Hüseynovlar ailəsindən Bibixanım   qızı Nurayla qonşuluqda yaşayan, nəvəsi serebral iflic xəstəliyindən əziyyət çəkən Nəcibə Nəcəfovaya baş çəkmiş, maraqlı söhbətlər edərək xoş əhval ruhiyyə bəxş etmişlər.

16. Neftçala rayonundan Cəfərovlar ailəsi aztəminatlı Fətullayevlər ailəsini ziyarət edərək onlara maddi və mənəvi dəstək olmuşdur.

17. Biləsuvar rayonunda yaşayan Məmiyevlər ailəsi rayonun ziyalı bir ailəsində qonaq olublar. Təqaüddə olan ibtidai sinif müəllimi Qaçay Məhərrəmovun yubiley yaşının və 3-cü sinifdən 5-ci sinfə eksternat yolla keçən nəvəsi Güllü Məhərrəmlinin xoş günlərinin təbrikinə qoşulmuş, çay süfrəsi ətrafında maraqlı söhbətlər etmiş və baba – nəvə münasibətlərinin düzgün qurulmasının şahidi olmuşlar.

18. Neftçala rayonunda yaşayan Məmmədovlar ailəsinin nümayəndəsi Elnurə xanım qonşuluqda tənha, kimsəsiz yaşayan 83 yaşlı Məhərrəm babaya baş çəkərək ona mənəvi dəstək göstərmiş və mütəmadi olaraq yaşlı nəslə göstərilməli olan dəstəklərin vacibliyini vurğulamışdır. 

19. Zərdab rayonu Nəzəralı kəndində yaşayan Əhmədovlar ailəsi internetə çıxışı olmayan uşaqların dərs materiallarını sona qədər tədris edərək, onlar üçün ingilis dilindən mütəmadi məşğələ təşkil etmişlər.

20. Qaradağ rayonundan Mirzəyevlər ailəsi Laçın rayonundan atası məhbus və  anası tərəfindən tərk edilmiş, nənə himayəsində olan əlil və nevroloji uşaqlara geyim və ərzaq tədarükü edərək baş çəkmişlər.

21. Zərdab rayonundan Əhmədovlar ailəsi qonşuluqda yaşayan ata himayəsindən məhrum olan və anası ilə tək yaşayan Qəhrəmanova  Asudə balaya özlərinə mənəvi borc bilərək baş çəkmişlər.

22 . Lerikdən Həşimovlar ailəsi iki talassemiyalı yeniyetmə övladı olan Məmmədovlar ailəsinə baş çəkərək problemləri ilə maraqlanıblar.