“Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfrans keçirilib

31 avqust 2020

Paylaş:

 

31 avqust 2020-ci il tarixində “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfrans təşkil edilib

Onlayn konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və təhsil nazirinin müavini Firudin Qurbanov pandemiya dövründə tətbiq olunan karantin rejimi çərçivəsində təhsilin təşkili məsələləri ilə bağlı “Uşaq Səfirlər Məclisi”nin üzvlərini maraqlandıran sualları cavablandırıblar.  

Konfransı giriş nitqi ilə açan Komitə sədrinin müavini Aynur Sofiyeva çıxışına 1993-cü ilin bu günündə Ermənistan işğalçı qüvvələri tərəfindən Qubadlı rayonunun işğal olunmasının yad edilməsi ilə başladı.

Ölkə başçısı tərəfindən Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atıldığını qeyd edən Komitə sədrinin müavini bu gün, xüsusilə uşaqlar arasında vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı. O, həmçinin “Uşaq Səfirlər Məclisi” üzvlərinin təşəbbüsləri əsasında bu istiqamətdə keçirilən tədbirləri müsbət qiymətləndirdi.

Aynur Sofiyeva təhsilin uşaqların həyatında mühüm rolunu, eyni zamanda, hazırda davam edən pandemiya şəraitində tədrisin təşkili məsələsinin aktual olduğunu qeyd etdi. Təhsil nazirinin müavini Firudin Qurbanova konfransda iştirakına görə təşəkkürünü bildirdi.

Təhsil nazirinin pandemiya dövründə təhsilin təşkili ilə bağlı brifinqini uşaqların çox böyük diqqətlə izlədiklərini və bir çox məsələlərə aydınlıq gətirildiyini qeyd edən Aynur Sofiyeva məlumat verdi ki, uşaqlar bu istiqamətdə onları maraqlandıran bir çox sualları ümumiləşdirərək belə bir görüşün keçirilməsi xahişi ilə Komitəyə müraciət ediblər.

Aynur Sofiyeva uşaq səfirlərin son zamanlar onları maraqlandıran hər bir məsələ ilə bağlı onlayn görüşlərin təşkil olunduğunu diqqətə çatdırdı.

Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov uşaqları salamlayaraq xüsusi karantin rejimi dövründə təhsilin təşkili məsələləri barədə onlara ətraflı məlumat verdi.

Təhsil sahəsinin pandemiya şəraitində bir sıra çağırışlarla qarşılaşdığını vurğulayan nazir müavini informasiya və kommunikasiya məsələlərinin hazırkı dövrdə öz aktuallığının daha da artdığını diqqətə çatdırdı.

Firudin Qurbanov uşaqlara daim öz üzərində işləmək, çalışqan olmaq kimi tövsiyələr verərək, dövlətə, valideynə hörmətin, vətənə sevginin uşaqlar qarşısında bir vəzifə olaraq qoyulmasının əhəmiyyətini vurğuladı.

Daha sonra konfransın moderatoru, “Uşaq Səfirlər Məclisi”nin həmsədri Aydan Hacıyeva uşaqların təklifi ilə konfransın təhsil məsələlərinə həsr edilməsinin onlar üçün əhəmiyyətli olduğunu və təhsil nazirinin müavini ilə həmsöhbət olmaq fürsəti yaratdığına görə Komitə rəhbərliyinə, eləcə də Firudin müəllimə təşəkkürünü bildirdi.

Daha sonra uşaqlar növbə ilə suallarını təqdim etdi.

Uşaqlar əsasən pandemiya şəraitində təhsildə yeni layihələrin həyata keçirilməsi, növbəti dərs ilinin təşkili qaydaları, şagirdlərin internetə çıxış imkanlarının artırılması, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların onlayn təhsilə əlçatanlığının təmin edilməsi, pandemiya dövründə xaricdə təhsil imkanları, peşə təhsilinin təşviqi istiqamətində suallar veriblər.

Uşaqlar tərəfindən səsləndirilən suallara cavab olaraq, F.Qurbanov pandemiya ilə bağlı mövcud vəziyyətə uyğun olaraq yeni səmərəli metodların işlənib hazırlandığını, həmçinin uşaqların təhlükəsizliyi nəzərə alınaraq dərslərin növbəlilik prinsipi əsasında təşkilinin nəzərdə tutulduğunu bildirib. O, həmçinin müasir texnologiyalar vasitəsilə peşə təhsilinin təşviqinin aparılması istiqamətində görüləcək işlərdən danışaraq peşə təhsilinin önəmi barədə uşaqlara məlumat verdi.

Konfransın sonunda moderator Aydan Hacıyeva ətraflı cavablara və tövsiyələrə görə Komitə sədrinə və təhsil nazirinin müavininə minnətdarlığını bildirdi.