Bu gün Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın anım günüdür

19 sentyabr 2020

Paylaş:

“Küləklər köpükləri dağıdacaq, amma dəniz və sahil əbədi qalacaq” – bu müdrik fikir Aida xanımın xalqımıza tanıtdığı böyük ərəb ədibi Cübran Xəlil Cübrana məxsusdur. Aida xanımın da yaradıcılığı sahilinə sığmayan bir dənizə bənzəyir. 

Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran, Şərqlə Qərb mədəniyyətlərinin bir-birinə təsirini elmi cəhətdən əsaslandıran ilk azərbaycanlı qadın alimdir. Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın xatirəsi bu gün də yaddaşlarda yaşayır, əsərləri müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır. Onun təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları dövrümüzdə də aktuallığını qoruyub saxlayır. 

Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq,  Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan görkəmli şərqşünas alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi. Qısa, lakin mənalı ömründə həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazandı.
 
Bu gün onun həyatını övladları və nəvələri davam etdirir, xatirəsi isə şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən çoxsaylı insanların qəlbində yaşayır.