Bahar Muradova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

28 oktyabr 2020

Paylaş:

28 oktyabr 2020-ci il tarixində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla görüşüb.

Görüşdə Ermənistanın hərbi təcavüzü və terrorçu siyasəti nəticəsində baş verən hadisələr və bu məsələlərin fonunda uşaq və qadınların hüququları, gender məsələləri müzakirə edilib.

Komitə sədri qonaqları salamlayaraq görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürünü bildirib. Azərbaycan-Böyük Britaniya tərəfdaşlıq əlaqələrinin zəngin tarixə malik olduğunu və uzun illər uğurla inkişaf etdiyini qeyd edən Bahar Muradova baş verən hadisələrlə bağlı ədalətli mövqeyini açıq şəkildə bildirdiklərinə və anlayışla yanaşdıqlarına görə təşəkkürünü ifadə edib.  Sədr çətin və şərəfli günlərin yaşandığını,  Azərbaycanın mövqeyini açıq şəklidə ortaya qoyduğunu, ərazi bütövlüyü və torpaqlarının qaytarılması naminə mübarizə apardığını, bu mübarizənin sonunda inkişaf, rifah və çiçəklənmənin gələcəyinə inandığını vurğulayıb. 

B. Muradova Böyük Britaniya səfirliyinə Azərbaycanın müvafiq orqanları, o cümlədən Komitə ilə intensiv əməkdaşlıqda maraqlı olduqları və təkliflərlə çıxış etdikləri üçün təşəkkürünü bildirib,  münaqişə bitdikdən sonra yenidən quruculuq mərhələsində uşaq və qadınların hüquqlarının müdafiəsi və gender məsələrinin tənzimlənməsi ilə bağlı birgə əməkdaşlıq məsələlərinə toxunub.

Səfir görüşün keçirilməsinə vaxt ayırdığı üçün Komitə sədrinə minnətdarlığını bildirərək, baş verən hadisələr zamanı həyatlarını itirənlərin ailələrinə başsağlığı verib. C.Şarp bu gün baş verən hadisələrlə bağlı dəstək göstərməyə hazır olduqlarını qeyd edərək, müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində lazımi yardımları edəcəkələrini diqqətə çatdırıb. Qadınların tarixboyu sülhün bərqərar edilməsində rolundan danışan səfir Azərbaycan qadınlarının da sülh quruculuğunda böyük töhfə verəcəyinə ümidini ifadə edib. C.Şarp münaqişələrin gender balansının qorunmasında, qadınlar – sülh və təhlükəsizlik prinsiplərinin  təmin olunmasında mənfi rol oynadığını qeyd edərək, bu məqamlara diqqət ayrılmasının vacibliyini vurğulayıb. Səfir yenidən quruculuq mərhələsində sülh və təhlükəsizliyin bərqərar edilməsində Komitə ilə əməkdaşlığın uzunmüddətli perspektivdə davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Komitənin Xarici əlaqələr və protokol xidməti  şöbəsinin müdiri Səbinə Manafova da  iştirak edib.