Sosial Sahibkarlıq mövzusunda Beynəlxalq Forum keçirilib

28 oktyabr 2020

Paylaş:

 

28 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Education HUB”ın təşkilatçılığı ilə onlayn formatda Sosial Sahibkarlıq mövzusunda Beynəlxalq Forum keçirilib.

Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış etmişdir. İlk olaraq hazırda pandemiya və müharibə şəraitində olduğumuzu qeyd edən S. Qəhrəmanova Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçuların həlak olduğunu, yaralandığını, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəydiyini vurğulayıb. Beynəlxalq təşkilatları, dünya ictimaiyyətini respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

Sosial sahibkarlığın Azərbaycanda tarixi köklərindən bəhs edən sədr müavini  Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan qızlar məktəbi, eləcədə son illər Azərbaycan gənclərinin xaricdə pulsuz təhsil almaları ilə bağlı mövcud dövlət proqramları barədə məlumat verib.

S.Qəhrəmanova bildirib ki, Azərbaycan müstəqilliyinin başlanğıcından sosial yönümlü siyasətə üstünlük vermiş, Davamlı İnkişaf təşəbbüsünə qoşulmuş, “Yoxsulluğun azaldılması”, “Regionların İnkişafı”  üzrə müxtəlif proqramlar həyata keçirmiş, yoxsulluq həddi minimuma endirilmiş, əhalinin sosial rifahı, infrastruktura çıxış imkanları əhəmiyyətli dərəcədə artmış və hazırda bütün sahələrdə islahatlar davam etdirilir. Ümumi şəkildə sahibkarlıq fəaliyyəti qazanc əldə etmə məqsədinə yönəlik fəaliyyətdirsə, sosial sahibkarlığın əsasında ictimai fayda, ümumi mənafe, rifah kimi anlayışlar durur. Bu tip sahibkarlıq, cəmiyyətdə sosial –müsbət xarakterli dəyişikliklərə gətirib çıxarır.

28 iyun tarixinin 2010-cu ildən etibarən dünyada Beynəlxalq sosial sahibkarlıq günü kimi qeyd edildiyini deyən S.Qəhrəmanova ölkəmizdə də bu günün qeyd edilməsinin əhəmiyyətinin böyük olacağını bildirib.

Qadınların iqtisadi təşəbbüskarlığının artması, biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından əhəmiyyətindən danışan S.Qəhrəmanova Forum iştirakçılarına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən sosialyönümlü layihələrlə bağlı, eləcədə 2011-ci ildən  başlayaraq Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” adlı texniki yardım layihəsi haqqında məlumat vermişdir.

Onlayn tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, millət vəkili Müşviq Cəfərov və digərləri çıxış edərək sosial sahibkarlığın əhəmiyyəti, ölkəmizdə bu sahənin təşviqi ilə bağlı fikirlərini bildirib, xarici spikerlər sosial sahibkarlıq sahəsində təcrübələrini bölüşüb.