“Böyük qələbədən quruculuğa: başlıca vəzifələrimiz” mövzusununda videokonfrans keçirilib

13 noyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (QHT Şurası) birgə təşkilatçılığı ilə 13 noyabr 2020-ci il tarixində “Böyük qələbədən quruculuğa: başlıca vəzifələrimiz” mövzusunda videokonfrans keçirilib.

Tədbir iştirakçılarını salamlayan AQUPDK sədri Bahar Muradova Konfransın işinə  uğurlar arzulayıb. Xalq, dövlət və region üçün əlamətdar olan bu günlər münasibətilə hər kəsi təbrik edərək, qələbənin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsində yaşandığını qeyd edib. Komitə sədri 2016-cı ilin 4 günlük Aprel döyüşlərinin, bu ilin Tovuz hadisələri nəticəsində Azərbaycanın artıq təxribatlara, təcavüzə dözməyəcəyini qətiyyətlə həm Ermənistan rəhbərliyinə, həm də dünya ictimaiyyətinə bəyan etdiyini vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsinin Azərbaycanın şanlı qələbəsi ilə öz məntiqi yekununa çatması, torpaqlarımızın Ermənistan işğalından azad olununmasını qeyd edərək, Azərbaycanın bu müharibədən qalib, yenilməz, monolit şəkildə  çıxdığını və bu  birliyin gücünü dinc quruculuğa yönəltməli, müharibənin ağır nəticələrinin aradan qaldırılması işinə fəal şəkildə qoşulmalı olduğumuzu bildirib.

Qələbədən sonrakı dönəmdə həyata keçiriləcək quruculuq hədəflərinə toxunan B.Muradova bildirib ki, bu istiqamətlərdə müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Münaqişədən zərər çəkən ailələrin, psixoloji sarsıntı keçirmiş qadın və uşaqlarımızın problemlərinə diqqət çəkən Komitə sədri sosial-psixoloji işin miqyasının həddən artıq genişləndiyini nəzərə alaraq qeyri-hökumət təşkilatlarının yardımı ilə qısa müddətdə bu sahədə fəaliyyətə yönəlik layihələrin keçirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, medianın imkanlarından düzgün və səmərəli istifadənin önəmindən danışan B. Muradova mətbuatda və sosial mediada hadisələrin düzgün işıqlandırılması, ictimai rəyin formalaşdırılması baxımından bu sahədə layihələrin keçirilməsini diqqətə çatdırıb.  Çıxışının sonunda Komitə sədri tədbirdə iştirak edən dövlət və vətəndaş cəmiyyəti qurumlarının bütün nümayəndələrini qeyd olunan sahələrdə birgə, fəal əməkdaşlığa dəvət edib.

DQİDK-nın sədri Mübariz Qurbanlı Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan böyük qələbədən danışaraq,  2021-ci ildə dövlət qurumları və vətəndaş cəmiyyəti qarşısında yeni vəzifələrin dayandığını, yeni proqram və layihələrin həyata keçirilməli olduğunu vurğulayıb. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası və inkişaf etdirilməsi  ilə bağlı geniş proqramlar həyata keçiriləcəyini diqqətə çatdıran sədr,  DQİDK və Mənəvi Dəyərlər Fondu olaraq milli-mənəvi  dəyərlər, mənəviyyatla bağlı layihələrdə iştirak edəcəklərini bildirib.  M.Qurbanlı AQUPDK ilə ortaq mövzular üzrə illərə dayanan əməkdaşlıq təcrübəsindən danışaraq, quruculuq dönəmində də bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə inamını ifadə edib. Çıxışının davamında 2021-ci ildə Vətən Müharibəsinin qəhrəmanlarının xalqımıza tanıdılması üçün şəhidlərimiz və qazilərimizlə bağlı qısametrajlı filmlərin çəkilməsinin önəmini vurğulayan sədr, bu və qeyd edilən bütün mövzularda QHT-lərlə əməkdaşlıq edərək, yeni layihələr həyata keçirməyə hazır olduqlarını bildirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (QHT Şurası) sədri Azay Quliyev qələbə münasibətilə təbriklərini səsləndirərək hər bir azərbaycanlının tarixi və qürurverici günlər yaşadığını qeyd edib. A.Quliyev 2020-ci ilin ən qətiyyətli siyasətçisi, böyük dövlət xadimi və dövlət başçısı kimi cənab İlham Əliyevin, ən döyüşkən və peşəkar ordu kimi Azərbaycan ordusunun, ən qəhrəman və mətin xalqı kimi Azərbaycan xalqının tarixə yazıldığını diqqətə çatdırıb. A.Quliyev xalqımızın bu 44 günlük müharibədə Prezidentimizin ətrafında bir yumruq kimi birləşdiyini qeyd edərək, bundan sonra qarşımızda duran əsas məsələlər kimi bu birliyin sona qədər qoruyub saxlanılmasının vacibliyini bildirib: “Azərbaycan ictimaiyyətinin bütövlüyünü və birliyini qoruyub saxlamaq üçün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları bir amal ətrafında birləşməli və ortaq hədəfləri müəyyən edərək əhəmiyyətli tədbirlər həyata keçirilməlidir.”

Daha sonra QHT rəhbərləri çıxış edərək qeyd olunan məsələlərlə bağlı fikir və təkliflərini bölüşüblər. Müzakirələr zamanı münaqişədən əziyyət çəkən insanlara sosial, psixoloji istiqamətlərdə dəstəyin göstərilməsi, şəhidlərimizin tanıdılması məqsəsilə onların qəhrəmanlıqlarına həsr edilmiş sənədli filmlərin çəkilməsi, müsabiqələrin təşkil olunması və digər fəaliyyətlərin həyata keçirilməsi, eyni zamanda Ermənistanın törətdiyi müharibə cinayətlərinin və bu istiqamətdə fərdi şikayətlərin dünya ictimaiyyətinə geniş şəkildə çatdırılması və bu barədə beynəlxalq ictimai rəyin formalaşdırılması kimi məsələlərin vacibliyi qeyd edilib.

Konfransda AQUPDK, DQİDK və QHT Şurasının əməkdaşları və müxtəlif QHT nümayəndələri iştirak ediblər.