Ramazan bayramı vətənimiz, millətimiz və bütün dünya müsəlmanları üçün mübarək olsun!

22 iyun 2016

Paylaş:

Ramazan bayramı cəmiyyətdə birlik və həmrəyliyin daha geniş vüsət almasında mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən və güclənən respublikamızda Ramazan bayramı humanizm, sülh, əmin-amanlıq və həmrəylik rəmzi kimi hər il yüksək səviyyədə qeyd olunur.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan “Qurani Kərim” nazil olmuşdur. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunduğu, ağıl və iradənin saflaşdığı dövrdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Ramazan ayı insanlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz və vicdanlı olmağa yönəldir.

Dua qapılarının tam açıq, bəla və pisliklərin uzaq olunduğu, günahların bağışlanıldığı bu gözəl bayramı sevdiklərinizlə birlikdə xeyirli və xoşbəxt keçirməyinizi diləyirik. Gözəllik, birlik, bərabərlik dolu, hər vaxt bir əvvəlkindən daha xoşbəxt bir Ramazan bayramı xalqımıza arzulayırıq.