Günün aktual problemi - İNTİHAR

22 fevral 2021

Paylaş:

Hazırda intihar, çox mürəkkəb qlobal bir fenomendir və bu bütün dünyanı narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər il təxminən 800 000 insan intihar səbəbindən həyatını itirir, hər 40 saniyədən bir kimsə, həyatına qəsd edir və onların arasında kişilər üstünlük təşkil edir.

İnsanlar hansı səbəblərdən intihar edə bilər?

İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir. Səbəblərə psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar. Sözsüz ki, insanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial – psixoloji problemlər demək olar ki, eynidir.

Tədqiqatlara əsasən intiharın əsas səbəbinin depressiya olduğu deyilir. Amma depressiyadan əlavə ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə, bipolyar affektiv pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu, şizofreniya kimi hallar da  intihara meyillilik yaradır.

İnsanların, xüsusilə, uşaq və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı fəaliyyətə, aktivliyə marağı söndürür. Belə hallar da sonda intihara yol aça bilir. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək, yaxud belə maraqların yaranması üçün lazım olan  şərait və vasitələrdən istifadə etmək çox vacibdir. Çünki, onların özlərini ifadə və təsdiq edə biləcəkləri məşğuliyyətlərə cəlb olunması müsbət nəticələr verir.

Hər bir tarixi dövr öz yaşantıları ilə bizə nələrisə diqtə edir. Heç kimə sirr deyil ki, bütün dünyada, o cümlədən ölkəmizdə COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi insanlarda bir sıra maddi, sosial problemlərə yol açaraq ardından psixoloji sarsıntıları gətirməkdədir. İnsanların evlərə qapanması, aktiv həyat tərzindən uzaqlaşması, sosial mühitdən kənar qalması, müharibə  və xəstəlik  səbəbindən yaxınlarını itirmək qorxusu, mütəmadi olaraq ətrafdan eşidilən neqativ xəbərlər, gündəlik qeyri-müəyyənlik bir növ depressiv vəziyyət formalaşdırır. Son aylarda intihar hallarının artmasının bir səbəbi də budur.

İntiharın profilaktikası, qarşısının alınması istiqamətində bir neçə məqam xüsusi qeyd edilməlidir:

 

  • Möhkəm, tam formalaşdırılmış mənəvi dəyərlər;
  • İnsanın hiss etdiyi yaradıcı potensial və öz istedadını tamamilə açmaq istəyi;
  • Dəqiq məqsədlər və arzularını reallaşdırmaq istəyi;
  • İntiharın mənasızlığı və təbiətəzidd olduğunu anlamaq;
  • Kiçik övladları qarısında öhdəlik;
  • Yaxın qohumlarına dərd yaşatmamaq istəyi;
  • İntiharın şəxsiyyətin zəifliyinin göstəricisi olduğuna inam;
  • Dini qadağalar.

 

Bütün bu sadalanan məqamlar erkən yaşlardan uşaq tərbiyəsində və şəxsiyyətin formalaşması prosesində ailə və cəmiyyət qarşısında vacib məsələlər kimi diqqətdə saxlanmalı, insan və vətəndaş yetişdirilməsində nəzərə alınmalıdır.

Sonda qeyd edilən dini qadağalar da az əhəmiyyət kəsb etmir. Çox zaman məhz dini tabular intihardan uzaqlaşdıran faktor rolunu oynayır. Səmavi dinlər olan islam, xristianlıq və iudaizmdə şüurlu şəkildə həyatına son qoymaq böyük və bağışlanmaz günah hesab edilir. Buna görə də, inanclı insanların intihar etmə faizi çox aşağıdır. Bu faktı kimi, ÜST-nın məlumatları da təsdiqləyir.

ÜST-nın məlumatlarına əsasən dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir. Ön sıralarda Litva (hər 100 min nəfərə 31,9 intihar), Rusiya (hər 100 min nəfərə 31 intihar) və Belçika (hər 100 min nəfərə 20,7 intihar) kimi ölkələr yer alır. Azərbaycana gəlincə, əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edir. Müqayisə üçün qonşu Gürcüstanda bu say 8,2 -dir.

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayının az olmasına baxmayaraq, belə halların mövcudluğu və son illərdə artım tendensiyası onunla fəal və kollektiv mübarizə apatılmasını diktə edir. Bunun üçün profilaktik tədbirlər kompleks və əlaqəli şəkildə aparılmalıdır. 

İntihar hallarının azalması üçün ilk növbədə maarifləndirmə tədbirləri ilə yanaşı, inam telefonlarının, psixoloji məsləhət xidmətinin inkişaf etdirilməsi, həssas təbəqədən olan insanlarla işləyən mütəxəssislərin bu sahədə məlumatlandırılması, intihar düşüncələrinə malik insanların dərhal psixoloji və psixiatrik xidmətə yönləndirilməsi üçün  Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun)  birgə əməkdaşlığı ilə  fəaliyyət  göstərən (860) qaynar xəttinin xidmətlərindən istifadə etmək lazımdır.

İntihar etmək istəyən şəxs necə davranır?

İntihar edən şəxs bunu törətməmişdən öncə mütləq bu barədə danışır, sanki mesaj verir, onu bu fikirdən daşındırmaq üçün səbəb axtarır. Diqqət etmisinizsə, intihar hadisələrindən sonra yaxınları bununla bağlı mütləq bir-neçə fakt söyləyə bilir. Buradan belə nəticəyə gəlmək olar ki,  əslində, intihar etmək istəyən şəxs eyni dərəcədə həm yaşamaq, həm də ölmək istəyir, sadəcə olduğu vəziyyətdən çıxış yolunu tapa bilmir. Bu səbəbdən də, çox zaman, intiharlar aşkar şəkildə, hamının görə biləcəyi  yerlərdə törədilir. İntihar edən şəxs bir növ “olum ya ölüm?” sualının cavabını insanların öhtəsinə buraxır. Xüsusilə də, son zaman baş verən intihar hallarında bu məqam özünü göstərir. Buradan belə qənaətə gəlmək olar ki, dost və doğmalarda bununla bağlı hər hansı şübhə, eyham hiss etdikdə, buna ciddi yanaşmaq, ona yaxın olmağa, dinləməyə, çətinliklərini həll etməyə çalışmaq, lazım olduğu halda mütəxəssisə müraciət etmək lazımdır.

Cəmiyyətdə və KİV-də intiharlara münasibət

İntihar hallarının qarşısının alınması istiqamətində dövlət qurumları ilə yanaşı ailələrin, cəmiyyət və media institutunun əlaqəli şəkildə işləməsi, məsələyə həssas yanaşması, bu əməlin qarşısının alınmasında mühüm rol oynayır. 

Aparılan  bir çox elmi tədqiqatlara görə, hər bir belə faktın mediada yayılması, geniş müzakirə edilməsi nəticəsində intihar hallarında artım müşahidə olunur. Bu səbəbdən bəzi ölkələrdə  bu barədə məlumatların -  intihar edənin şəkilləri, intihar etmə vasitəsi və s. detalların KİV-də yayımlanması tövsiyyə olunmur. Məsələn, Avstriyada, İngiltərədə belə bir təcrübə vardır. Odur ki, mediada intihar və zorakılıq hallarının işıqlandırılmasına daha həssas  yanaşılmalı, bu məsələlər  daima diqqət mərkəzində saxlanılmalıdır. Çünki internet resursları, KİV  həm də təbliğat vasitəsidir. Nəzərə alsaq ki, bu gün insanlar sosial şəbəkələrdən, internet resurslarından aktiv surətdə istifadə edir, insanların rifahı üçün bu gün bu vasitələrin pozitivə işləməsi  daha faydalı ola bilər. Zorakılq, ümidsizlik, ruh düşkünlüyü kimi mənfi halları nümayiş etdirən informasiya resurslarının, animasiya, film, serial nümunələrinin geniş surətdə təbliği sahəsində  ehtiyatlı davranmaq lazımdır.

İntiharlarla mübarizə kimi məsuliyyətli iş əlaqədar dövlət qurumları, din xadimləri, mütəxəssislər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə yanaşı, vətəndaş cəmiyyətinin qarşısında bir sıra vəzifələr qoyur.

İnsanların yaşadığı, təhsil aldığı və işlədiyi sahələrdə nikbin psixoloji ab-havanın yaradılması, uşaq, yeniyetmə və gənclərin maraqlarına uyğun məşğuliyyət sahələrinə yönləndirilməsi kimi tədbirlərin görülməsi insanlarda ruh yüksəkliyinə, bir-birinə inamın artmasına səbəb ola bilər.

Bir vacib məqamı da diqqətdən kənarda qoymaq olmaz. Hər intihar hadisəsindən sonra cəmiyyətdə bir çaxnaşma və ittihamlar dalğası yaranır. KİV nümayəndələri, sosial fəal insanlar bir qayda olaraq hansısa konkret şəxsi, ailə üzvlərini və yaxud rəsmi qurumları hədəfə alaraq günahkarı cəzalandırmaq barədə müzakirə aparmağa daha çox üstünlük verməklə, əsil səbəblərin , yuxarıda sadalanan problemlərin diqqətdən kənarda qalmasına “töhfə” vermiş olurlar.

Odur ki, intihar və onu doğuran səbəblər haqda ciddi araşdırmalara, təhlillərə və müsbət təcrübələrə söykənən yanaşmaların formalaşması üçün səylərin və məlumatlılığın artırılmasına ehtiyac vardır.

Çoxsaylı problemlər məngənəsində intiharı çıxış yolu kimi qəbul edən insanı xilas etmək üçün preventiv tədbirlərə, həssas münasibətə, xüsusilə ailə üzvlərinin, doğmaların və yaxınların diqqət və qayğısına əsaslanan addımlar atmalı, ictimai müzakirələrdə ehtiyatlı davranmalıyıq. Diqqəti  həm dəyişdirilməsi mümkün olmayan ağır nəticələr haqqında , həm də və daha cox onun baş verməsinə səbəb olan stereotiplərin, bəzən adət ənənə adı altında cəmiyyətə təqdim olunan zərərli vərdişlərin, hec bir hüquqi  və mənəvi cərcivələrə sığmayan  zorakı davranışların aradan qaldırılmasına yönəltmək lazımdır.  Özü də bu hər birimizin bir fərd,hamımızın bir toplum olaraq birgə görəcəyimiz bir iş olmalıdır. O zaman həyat hər kəsi bir andaca ondan imtinaya deyil, daha çox onu sevə-sevə yaşamağa ruhlandıracaqdır.