Dövlət Komitəsi sosial işçi və psixoloqlar üçün peşəkar inkişaf təlimlərinə start verdi

19 aprel 2021

Paylaş:

19 aprel 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə fövqəladə hal, xüsusi vəziyyət və pandemiya şəraitində ölkəmizdə mövcud olan qadın və uşaq sığınacaqlarında çalışan sosial işçilər və psixoloqlar üçün keçirilən 3 günlük peşəkar inkişaf təliminin açılış məraimi keçirilib.

Tədbirdə iştirak edən Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bütün dünyada və Azərbaycanda həssas vəziyyətdə yaşayan və risk altında olan qadın və uşaqlar hər zaman diqqət mərkəzindədir. Bu vəzifəni həyata keçirən xüsusi sahənin mütəxəssisləri olan sosial işçilər, psixoloqlar, müxtəlif sığınacaqlar, xidmət və yardım mərkəzlərinin əməyi danılmazdır. İstənilən cəmiyyətlərdə bu vəziyyətdə yaşayan insanların fövqəladə hallarda sayının artdığını və daha çox risklərlə üzləşdiyini qeyd edən Komitə sədri həssas ailələrlə işin gündəlikdə duran əsas məsələ olduğunu vurğulayıb. O, bu sahədə Azərbaycanın özünəməxsus təcrübəsinin olduğunu və bu istiqamətdə davamlı siyasətin həyata keçirildiyini qeyd edərək, bildirib ki, ölkəmiz beynəlxalq müvqavilələrdən və daxili qanunverici aktlardan irəli gələn məsələləri layiqincə yerinə yetirməyə çalışır.

Qeyd edilib ki, Komitə, eyni zamanda Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 44 günlük Vətən müharibəsi dövründən başlayaraq, daha sonra post müharibə dövründə ailələrə psixososial dəstək layihəsini həyata keçirməkdədir.

Bahar Muradova vurğulayıb ki, Dövlət Komitəsi beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqini nəzərə alaraq, beynəlxalq tərəfdaş və qurumlarla əməkdaşlığa xüsusi önəm verir. Bu məqsədlə ABŞ təcrübəsi əsasında Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə həyata keçirilən layihə çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla işləyən mütəxəssislərin peşəkar inkişafına töhfə verəcək və gələcək fəaliyyətlərində mühüm rol oynayacaq.

Beynəlxalq Təhsil üzrə Amerika Şurasının koordinatoru Lalə Məmmədova təlimin təşkilində təşəbbüskar kimi çıxış etdiyinə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O, pandemiyanın yaratdığı çətinlikləri vurğulayaraq, bu dövrdə uşaqların sağlamlığının qorunması, onlara psixoloji dəstəyin göstərilməsinin vacib olduğunu və 3 günlük təlimin bu sahədə işləyən sosial işçi və psixoloqlar üçün böyük kömək olacağını bildirib.

L. Məmmədova Beynəlxalq Təhsil üzrə Amerika Şurasının 25 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O bildirib ki, bu proqramlar sayəsində azərbaycanlı gənc kadrlar Amerikanın müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarında təcrübə keçmək imkanı əldə edərək, Azərbaycan üçün uyğun təcrübələri bölüşməyə çalışırlar.

Təlim 20-21 aprel 2021-ci il tarixlərində davam edəcək.