“Uşaqların doğulanadək cins seçiminə YOX deyək!” mövzusunda onlayn tədbir keçirilib

16 aprel 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında maarifləndirilməsi məqsədilə mütəmadi olaraq, tədbirlər həyata keçirir.

Tədbirlərin davamı olaraq 16 aprel 2021-ci il tarixində Gəncə Dövlət Universitetinin nəzdində Regional  Kollecin tələbələri üçün “Uşaqların doğulanadək cins seçiminə YOX deyək!” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva mövzu üzrə təqdimatla çıxış edərək, uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni surətdə pozulması hallarının və oğlan uşaqlarının sayının artmasının gələcəkdə ölkənin demoqrafik və sosial-iqtisadi inkişafına mənfi təsir göstərə biləcəyini qeyd edib. K.Əliyeva ölkədə doğulan uşaqların cins nisbətinə görə mövcud olan vəziyyət, hamiləliyin süni surətdə pozulmasına dair qanunvericilik, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq təcrübə barədə  məlumatları diqqətə çatdırıb. 

Daha sonra Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova çıxış edərək, hamiləliyin süni surətdə pozulmasının qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna göstərdiyi mənfi təsirini qeyd edib və sağlam uşaqların doğulmasının vacibliyini vurğulayıb. O, arzuolunmaz hamiləliyin qarşısının alınmasına dair mövcud olan müasir üsullar barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Yekunda Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimi Günay Səidova təşkilatçılara təşəkkürünü bildirərək, gənc nəslin maarifləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.