Vətəndaş cəmiyyətinin gender bərabərliyi və qadın hüquqlarının inkişafında rolunun gücləndirilməsi layihəsinə start verildi

12 may 2016

Paylaş:

11 may 2016-cı il tarixində “Qadın hüquqları və gender bərabərliyinin təşviqinin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsinin açılış mərasimi keçirildi. Layihənin məqsədi gender bərabərliyi və qadın hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunu gücləndirilməsi və kənd/rayon qadınlarının iqtisadi və ictimai həyatda iştiraklarının təşviq edilməsidir. Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, mətbuat və diplomatic korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, BMT-nin Azərbaycandaki Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident nümayəndəsi cənab Qulam İsakzai, Layihənin rəhbəri Nadir Quluzadə, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl çıxış ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova öz çıxışında gender bərabərliyi və qadınların imkanlarından söz açaraq, vurğulamışdır:  “gender bərabəliyinə nail olmaq,qadınların imkanlarının genişləndirmək inkişafın fundamental əsasıdır və qloballaşma prosesində önəmli yer tutur. Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi dövlət siyasətinin mühüm prioritetlərini təşkil edir. Ölkəmizin davamlı  inkişafı sahəsində əldə etdiyi nailiyyətlər ildən-ilə artır və bu istiqamətdə öz layiq olduğu yeri tutmuşdur“ .

Layihə BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rasional İnkişa fuğrunda Qadınlar Cəmiyyəti birlikdə iki il ərzində həyata keçiriləcəkdir. Layihə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir.

Yeni layihə BMT-nin İnkişaf Programının kənd/rayon qadınlarının iqtisadi və ictimai həyatda iştiraklarının təşviq edilməsi ilə bağlı keçmiş təcrübəsinə əsaslanır və Sabirabad, Neftçala, Biləsuvar və Bakı regionlarında həyata keçiriləcəkdir. Layihə seçilmiş regionlarda qadınlara iqtisadi və social cəhətdən fəallaşmaqda və səlahiyyətlərinin artırılmasında yardım edərək Azərbaycanın üzv olduğu CEDAW Konvensiyasının tətbiqini dəstəkləyir.

Layihə komandası dövlət və vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə CEDAW Konvensiyası qarşısında milli öhdəliklərin yerinə yetirilməsinin təminatı; Qadın Resurs Mərkəzləri üçün bacarıqların inkişafı; ictimai iştirak və sahibkarlıq bacarıqlarının dəstəklənməsi üçün qadınlara təlimlərin keçirilməsi və qadınların biznes “start-up”-larına yardımlar üzrə əməkdaşlıq edəcəkdir.

Ətraflı video- http://www.myvideo.az/tv/aztv&seekTime=11-05-2016%2018:27