“Ailə, ailə dəyərləri və ənənələr” mövzusunda onlayn tədbir keçirilib

24 may 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 5 saylı Bakı "ASAN Xidmət" Mərkəzi ilə əməkdaşlıq çərçivəsində ASAN könüllülərinin iştirakı ilə “Ailə, ailə dəyərləri və ənənələr” mövzusunda onlayn tədbir keçirilib.
Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova mövzuya dair təqdimatla çıxış edərək ailə, eyni zamanda milli-mənəvi dəyərlərin qorunaraq gənc nəslə ötürülməsinin önəmindən, ailədaxili münasibətlərin, yaşlı və gənc nəsil arasında dialoqun düzgün formalaşmasının vacibliyindən bəhs edib.
Daha sonra şöbənin əməkdaşı Müseyib Şirəliyev Komitə tərəfindən mütəmadi olaraq keçirilən sorğu prosedurları ilə bağlı könüllülərə məlumat verib, sorğu nəticələrinin gələcək araşdırmalar üçün əhəmiyyətini vurğulayıb.
Tədbirin davamında Komitə tərəfindən hazırlanan “Ailəmiz - ən dəyərli xəzinəmizdir” adlı video-çarx nümayiş etdirilib.
Yekunda könüllülərə müzakirələrdə fəal iştirak etdiklərinə görə təşəkkür edilib. Tədbirdən 50 iştirakçı faydalanıb.