Regionlarda ailə büdcəsinin düzgün idarə olunması və insan alverinə qarşı maarifləndirmə işinin aparılması məqsədilə tədbirlər keçirildi

5 may 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində insan alveri ilə mübarizə və ailə büdcəsinin düzgün idarə olunması mövzularında 2-4 may 2016-cı il tarixlərində Yevlax şəhər Aran qəsəbəsində, Mingəçevir şəhərində və Göygöl rayonu  Topalhəsənli kəndində icma üzvləri ilə sosial-psixoloji məsləhətləşmələr aparılıb, mövzu ilə bağlı maarifləndirici məlumatlar verilib.

İcmadan olan azməlumatlı əhalinin, yeniyetmə və gənclərin iştirak etdiyi icma görüşünün keçirilməsində əsas məqsəd əhalinin bu sahədə maariflənməsi, insan alveri qurbanına çevrilmə riskinin azaldılması və azgəlirli ailələrdə maliyyə savadlılığının artırılması olub.

Tədbirlərdə mövzu ilə bağlı qısametrajlı sosial çarx və filmlər nümayiş etdirilib, iştirakçılara Komitə əməkdaşları tərəfindən hazırlanmış insan alveri riski, riskdən qorunma yolları və  ailə büdcəsinin düzgün idarə olunması mövzularında maarifləndirici təqdimatlar edilib.

Qarşılıqlı müzakirə şəklində keçirilən tədbirlərdə Komitə və rayon rəsmiləri tərəfindən mövzu ətrafında çıxışlar edilib, təlimçilər tərəfindən azgəlirli ailələrdə gəlir və xərclərin mövsümə uyğun təhlili, pulun idarə edilməsi və xərclərin gəlirlərə uyğunlaşdırılması, vacib xərclər üzrə büdcənin qurulması, lazımsız xərclərdən azad olmanın yolları, kreditin növləri və düşünülmüş kredit barədə məlumatlar verilib, müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib.

Hər iki mövzu ilə bağlı məlumatlılığı artırmaq məqsədilə tədbir iştirakçılarına çap materialları paylanılıb.