“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib

15 iyun 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 11 iyun 2021-ci il tarixində Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda gənclər və yeniyetmələr üçün təlim keçirilib. Təlim  “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq baş tutub.

Tədbiri giriş sözü ilə  açan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şabran rayon nümayəndəliyinin direktoru Nicat Osmanov iştirakçıları salamlayaraq, mövzunun əhəmiyyətindən bəhs edib.

Daha sonra Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli Komitə tərəfindən keçirilən maarifləndirmə tədbirləri haqqında məlumat verərək, belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. O, ölkənin inkişafında gənclərin sağlam ruhda formalaşdırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Tədbir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımovanın “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda təqdimatı ilə davam edib.

Sonda gəncləri maraqlandıran sualllar cavablandırılıb və “Qan qohumları arasında nikah və onun fəsadları”, “Sağlam həyat tərzi naminə erkən nikaha yox deyək” adlı maarifləndirmə materialları təqdim edilib.

50-ə yaxın iştirakçının  faydalandığı tədbir xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib.