“Ailə strategiyası” layihəsinin növbəti müzakirəsi keçirilib

23 iyun 2021

Paylaş:

23 iyun 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailə strategiyası” layihəsinin işçi qaydada müzakirə edilməsi məqsədilə növbəti görüş keçirilib. 

Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları, Dövlət Komitəsi yanında İctimai şuranın üzvləri, dövlət qurumları, qeyri-hökumət təşkilatları  və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ekspertlər iştirak edib.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitə tərəfindən hazırlanan “Ailə strategiyası” layihəsi çərçivəsində keçirilən əvvəlki görüşlərdə, eləcə də bugünki müzakirədə  bildirilən hər bir fikir və təklifin dəyərli olduğunu qeyd edərək birgə dəstəklə keyfiyyətli bir sənədin hazırlanacağına inandığını bildirib.

Görüş zamanı strategiyada əksini tapan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ailə institunun möhkəmləndirilməsi, aliment fondu, ailə planlaşdırılması, reproduktiv sağlamlıq, ailənin iqtisadi müstəqilliyinin təmin edilməsi, uşaqların ailədaxili inkişafı, ailə psixoloqu institunun yaradılması, ailələrlə işləyən sosial işçilərin, psixoloqların hazırlanması, bu mütəxəssislərin keyfiyyətinə nəzarət mexanizmlərinin formalaşdırılması ilə bağlı iştirakçıların təklif və tövsiyələri dinlənilib.

Sonda layihə ilə bağlı müzakirələrin davam edəcəyini vurğulayan Aynur Sofiyeva qeyd edilən hər bir məqama yenidən baxılacağı, tövsiyələrin nəzərə alınaraq əlavələr ediləcəyini diqqətə çatdırıb və tədbir iştirakçılarına dəyərli mülahizələrinə görə təşəkkürünü bildirib.