Dövlət Komitəsinin aparat rəhbəri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin 79-cu sessiyasında çıxış edib

24 iyun 2021

Paylaş:

21 iyun – 1 iyul 2021-ci il tarixlərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitəsinin 79-cu sessiyası keçirilir.

Sessiya çərçivəsində 24 iyun 2021-ci il tarixində keçirilən köklü xalqlardan olan qadınlar və qızların hüquqları üzrə onlayn tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak edib.

Azərbaycanda digər xalqlardan olan qadın və qızların ölkənin ictimai-siyasi həyatında iştirakı barədə məlumatları diqqətə çatdıran C.Rəhmətullayeva çıxışında ölkəmizdə milli mənsubiyyətindən asılı olmayaraq bütün qadınların bərabər hüquqlara malik olduğunu bildirərək, sözügedən sahə üzrə həyata keçirilən layihələri və görülən işləri qeyd edib. O bildirib ki, ölkəmizdə  gender bərabərliyinin təmin olunması, qadınların cəmiyyətdə bərabər hüquqlu iştirakı daim diqqət mərkəzində saxlanılır. İstər dövlət, istərsə də özəl sektorda köklü xalqlardan olan qadınlar çalışmaqdadır. Hazırda ölkədə köklü xalqların məsələləri ilə məşğul olan 50-dək QHT, milli mədəniyyət mərkəzləri,  ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir.

Azərbaycan əhalisinin əsas hissəsini azərbaycanlılar və 30-a yaxın millət və etnik qrupların təşkil etdiyini qeyd edən Komitə rəsmisi bildirib ki, ölkəmiz insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Azərbaycanda yaşayan etnik icmaların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur, həmin xalqların kompakt yaşadığı bölgələrdə 5 yerli teleradio kanalları fəaliyyət göstərir. Azərbaycanın bir sıra bölgələrində həmin xalqların 40-dan çox musiqi və folklor kollektivləri fəaliyyət göstərir ki, bunlar da qadınlardan ibarət qruplardır. Eyni zamanda köklü xalqların nümayəndələri, o cümlədən qadınların dini ibadətlərinin yerinə yetirmələri üçün Azərbaycanda dini ibadətgahlar da fəaliyyət göstərir.

YUNESKO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”sına uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü işlərin aparıldığını  bildirən C.Rəhmətullayeva onu da əlavə edib ki, siyasi partiyaların qadın qollarında digər millətlərdən olan qadınların fəallığı görünür və onların bütün səviyyələrdə iştirakçılığı təmin olunur.