Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş ümumrespublika üzrə “Qələbəyə doğru” intellektual yarışın final oyunu keçirilib

19 aprel 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il Azərbaycanın görkəmli oftalmoloq alimi, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirir. Bu il Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş ümumrespublika üzrə “Qələbəyə doğru” intellektual yarışın keçirilməsinə 29 mart 2016-cı ildə start verilmişdir. Bu məqsədlə 29 mart-19 aprel 2016-cı il tarixlərində 9 regionda ( Yevlax, Şəmkir, Xaçmaz, Masallı, Sumqayıt, Zəngilan, Qax, İmişli, Bakı) 75 şəhər və rayonu təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçirilmiş, seçim turlarında fərqlənən 12 komanda (Bərdə, Ağstafa, Siyəzən, Biləsuvar, Qubadlı, İsmayıllı, İmişli, Abşeron, Yasamal, Nizami, Xəzər, Nəsimi) final yarışında iştirak hüququ qazanmışdır. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunun final mərhələsi keçirilib. Tədbirdən öncə Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın və ümumilli lider Heydər Əliyevin məzarüstü abidəsi Komitə əməkdaşları və rəsmi qonaqlar tərəfindən ziyarət edilmişdir. Oyundan əvvəl Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı film nümayiş olunub. Sonra tədbiri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova giriş sözü ilə açaraq akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan danışıb, onun elm adamı, ictimai xadim və bir ana kimi xalqımızın qəlbində dərin iz qoyduğunu bildirib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Zərifə Əliyeva öz adını tarixə yazan görkəmli elm adamı, dəyərli şəxsiyyətlər sırasındadır. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən, təhsil və elmin inkişafındakı rolundan danışıb. Bildirib ki, təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək mütəxəssisə, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Diqqətə çatdırıb ki, sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılır və ümumi təhsilin keyfiyyət göstəriciləri Avropa standartlarına çatır.Zərifə Əliyevanın tibb elmi qarşısındakı xidmətlərdən söz açan Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov vurğulayıb ki, görkəmli alimin ən böyük uğuru onun yaratdığı elmi məktəbin davam etməsidir. Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində tələbələri onun əməllərini uğurla davam etdirirlər.Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə xalqımızın akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyini böyük iftixarla qeyd etdiyini diqqətə çatdırıb.Tədbirdə, həmçinin məktəblilər arasında keçirilən “Qələbəyə doğru” intellektual yarışmanın regional seçim turlarını əks etdirən videoçarx təqdim olunub. Sonra 12 komandanın iştirakı ilə final mərhələsi keçirilib. Final mərhələsinin nəticəsində İsamyıllı rayonunun komandası I yer, Bakı şəhəri Nizami rayonunun komandası II yer, Bərdə rayonunun komandası isə III yer tutmuşdur. Komitə tərəfindən I yerin qaliblərinə diplom, II yerin qaliblərinə planşet (çoxfunksiyalı) və diplom, III yerin qaliblərinə  planşet (kiçik ölçülü) və diplomlar təqdim edilmişdir. I yerin qalibləri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən planşet ((böyük ölçülü və çoxfunksiyalı),  Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universiteti tərəfindən isə diplomla təltif edilmiş, həmçinin I yeri tutan İsmayıllı rayonunun komandasına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi “Qələbəyə doğru” kuboku təqdim olunub. Final yarışında iştirak edən və qalib olmayan komandalar isə Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunda fəal iştirakına görə diplomu ilə təltif olunmuşdur.