“Postmüharibə dövründə uşaq və ailələrə psixo-sosial dəstək” layihəsi valideynlərin marağına səbəb olub

29 iyun 2021

Paylaş:

1 iyun 2021-ci il tarixindən başlayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) tərəfindən Ağdamın İmamqulubəyli qəsəbəsində “Postmüharibə dövründə uşaq və ailələrə psixo-sosial dəstək”  layihəsi həyata keçirilir.

Layihə çərçivəsində Vətən müharibəsində iştirak edən qazi və şəhid ailələri də daxil olmaqla qəsəbənin müxtəlif məktəblərindən 360 nəfər məktəbli iştirak edib. Qeyd edək ki, 60 nəfər şagird valideynlərin istəyinə əsasən əlavə olaraq layihəyə cəlb olunub.

İyun ayı ərzində hər gün müəllimlər və mərkəz əməkdaşları, o cümlədən Goranboy UADM sosial işçi və psixoloqları, Ailəm konüllülərinin iştirakı ilə uşaqlarla psixo-sosial məşğələlər, interaktiv oyunlar təşkil olunub. Məşğələlər karantin qaydalarına uyğun keçirilib.

Layihənin əsas məqsədlərindən bir də valideynlərə uşaqlarla uğurlu ünsiyyət bacarıqlarını aşılamaqdır. Bu məqam nəzərə alınaraq məşğələlərdə valideynlərin də iştirakı təmin edilib. Məşğələlər zamanı pozitiv ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə valideynlərə uşaqlarla müxtəlif oyunların keçirilməsi əyani şəkildə göstərilib, eyni zamanda ailədə psixo-sosial dəstəyin  aparılması qaydalarını izah edən bukletlər paylanılıb. Belə yanaşma valideynləri uşaqlarla uğurlu ünsiyyət baxımından motivasiya  edir, pozitiv valideyn-uşaq münasibətləri sayəsində güclü ünsiyyət və dialoqun yaranmasına səbəb olur.