“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsinə start verilmişdir

22 aprel 2016

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri  və onun yaratdığı fəsadlaraqarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi  istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.  

Bu istiqamətdə görülən işlərin davamı olaraq, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə,  İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verilmişdir.

Layihə  çərçivəsində ilk tədbir Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə 22 aprel 2016-cı il tarixində Bakı şəhəri, Xətai rayonunda yerləşən Zəngilan rayon 28 saylı orta məktəbin müəllimlərinin, yuxarı sinif şagirdlərinin və valideynlərin iştirakı ilə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şənlik Əliyev tədbir iştirakçılarını salamlamış, Ermənistanın Azərbaycana qarşı silahlı təxribat hücumu barədə geniş məlumat vermiş və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra tədbir iştirakçılarına Komitə tərəfindən keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş insan alveri mövzusunda “Günahkarlar yoxsa günahsızlar  ” adlı film nümayiş edilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov mövzu ilə bağlı təqdimat nümayiş etdirərək,  insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Tədbirdə iştirak edən rayon 28 saylı orta məktəbin psixoloqu Xəyalə Allahverdiyeva problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar,
eləcə də onların cəmiyyətə reinteqrasiya olunmasında psixoloji yardım amilinin
əhəmiyyətini vurğulamışdır.

Komitə əməkdaşı Azər İsalı insan alveri ilə mübarizə sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülmüş işlər barədə məlumat vermiş, gənclər arasında aparılan maarifləndirmə işlərinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirin sonunda Zəngilan rayon 28 saylı orta məktəbin şagirdləri arasında Komitə tərəfindən müvafiq sahədə rayon üzrə mövcud vəziyyət barədə rəyi öyrənmək məqsədilə hazırlanmış anonim anket sorğular paylanılmış, tədbiriştirakçılarının mövzu ətrafında sualları cavablandırılmış və iştirakçılara Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilmişdir.

“İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin digər şəhər və rayonlarda davam etdirilməsi nəzərdə tutulmuşdur.