Uşaq və Ailələrə Dəstək Mərkəzləri əhali arasında sağlam həyat tərzinin təbliği istiqamətində silsilə maarifləndirmə tədbirləri həyata keçirir

9 sentyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən mütəmadi olaraq regionlarda sakinlər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, o cümlədən narkomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası, erkən nikahların qarşısının alınması, ailə dəyərləri haqqında, böyüməkdə olan gənc nəslin mənəvi tərbiyəsi, şəxsiyyət kimi formalaşması istiqamətində maarifləndirmə tədbirləri (təlim, seminar, dəyirmi masa, sorğular və s.) təşkil olunur.

Tədbirlərin təşkili və keçirilməsində regionlarda yerləşən müxtəlif idarə, təşkilat və təhsil müəssisələri, qeyri-hökumət təşkilatları yaxından iştirak ediblər.

Ağdam UADM və Bərdə rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Erkən nikahların qarşısının alınması” mövzusunda onlayn vebinar təşkil edilib.

Vebinarda çıxış edən mərkəzin əməkdaşı Ceyran Əhmədova qeyd edib ki, tədbirin keçirilməsində məqsəd pandemiya dövründə uşaqların sağlamlığının qorunması, onların erkən nikaha məcbur edilməsinin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsidir. C.Əhmədova çıxışında mərkəz əməkdaşları tərəfindən həyata keçirilən erkən nikahlarla bağlı keyslərdən nümunələr gətirib.

Hacıqabul UADM təşkilatçılığı ilə “Sağlam həyat naminə erkən nikaha yox deyək” mövzusunda mərkəzin əməkdaşları tərəfindən rayon sakinlərinə maarifləndirici bukletlər paylanılıb.

Bukletlər təqdim olunarkən vətəndaşlara erkən nikah və onun fəsadları barədə məlumat verilib. Qeyd edilib ki, erkən nikahlar yeniyetmələrin təhsildən yayınması ilə nəticələnir. Erkən yaşda ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması sonrakı dövrlərdə ailələrdə bir sıra problemlərə, o cümlədən nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər, həmçinin digər mənfi halların müşahidə olunmasına səbəb olur. Sakinlərlə ünsiyyət zamanı mövzu ətrafında onları maraqlandıran suallar cavablandırılıb.

Şüvəlan, Ağdam, Hacıqabul UADM-lər tərəfindən narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlərdə UADM-in əməkdaşları, benefisiarlar və mərkəzlərin könüllüləri aktiv iştirak ediblər. Eyni zamanda “Narkotiklərə yox deyək” adlı bukletlər sakinlər arasında paylanılıb. Bukletlərdə narkotiklərin insan sağlamlığına vurduğu zərərdən, yaratdığı fəsadlardan ətraflı bəhs olunub.

Goranboy UADM-in təşkilatçılığı ilə 3 nömrəli körpələr evi-uşaq bağçasında “Hiperaktiv uşaqlarla düzgün davranış qaydalarını öyrənək” adlı tədbir keçirilib. Tədbirdə UADM-in əməkdaşları, könüllülər və bağçanın tərbiyəçiləri iştirak ediblər. Tədbir zamanı uşaqlarla, xüsusilə də, hiperaktiv uşaqlarla davranış qaydalarından bəhs olunub. Mərkəz tərəfindən eyni zamanda gənclər arasında intihar hallarının qarşısının alınması mövzusunda da tədbir keçirilib.

Şüvəlan UADM-də uşaqlar üçün "Zorakılıqdan necə qorunaq" adlı təlim keçirilib. Təlim zamanı uşaqlara zorakılıq və onun növləri, zorakılıqdan qorunma yolları haqqında məlumat verilib.

İnteraktiv şəkildə keçirilən təlimdə icmadan olan risk qrupuna aid ailələrin uşaqları iştirak ediblər. Təlim zamanı uşaqlar öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, sağlam cəmiyyətin formalaşdırılması istiqamətində mərkəzlər tərəfindən keçirilən maarifləndirici tədbirləri iştirakçılar böyük rəğbətlə qarşılayıb.