Tvinninq layihəsi çərçivəsində növbəti görüş keçirilib

14 sentyabr 2021

Paylaş:

14 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Bakıda səfərdə olan layihə üzrə bir qrup Litvanı və Avstriyanı təmsil edən ekspertlərlə görüş baş tutub.

Layihənin rəhbəri Sədaqət Qəhrəmanova qonaqları salamlayaraq, layihə çərçivəsində məişət zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, həmçinin gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan məsələlərlə bağlı Komitənin mövqeyini diqqətə çatdırıb.

S. Qəhrəmanova əlavə edib ki, ötən ay Litvaya edilən təcrübə səfərindən sonra Azərbaycanda bir sıra pilot layihələrin həyata keçirilməsi üçün artıq regionlar müəyyən edilmişdir.  Məişət zorakılığı faktı törətmiş şəxslərlə sosioloji, psixoloji işin aparılmasının vacibliyini qeyd edən sədr müavini bildirib ki, eyni zamanda, ailədaxili zorakılıqdan əziyyət çəkən uşaqlara psixoloji dəstək göstərilməlidir.

Görüş zamanı ekspertlərin iştirakı ilə məişət zorakılığı mövzusu ətrafında fikir mübadiləsi aparılıb, Avstriya, Niderland, İtaliya, Çex Respublikası və bir sıra ölkələrin məişət zorakılığı ilə mübarizə sahəsində təcrübəsi bölüşülüb,  maarifləndirmə kampaniyaları haqqında məlumat verilib.

Qeyd olunmalıdır ki, bu ekspert missiyası çərçivəsində məişət zorakılığı sahəsində ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqramın işlənib hazırlanması nəzərdə tutulub.

Daha sonra sosial çarx təqdim edilib.

Komitə əməkdaşları təklifləri müsbət qiymətləndirərək, təşəkkürlərini bildiriblər. Görüş müzakirələrlə davam edib.

Qeyd edək ki, iclasda İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, Məişət zorakılığının qarşısının alınması üzrə sektorun müdiri Vəfa Ələkbərova, beynəlxalq ekspertlər Mintaute Jurkute, Paulius Rymeikis, Manuela Hargassner-Delpos, Thomas Hainlen iştirak edib.