Dövlət Komitəsinin Tvinninq layihəsi çərçivəsində Mətbuat Şurasında görüş keçirilib

16 sentyabr 2021

Paylaş:

14 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Mətbuat Şurasında görüş keçirilmişdir.

Görüşdə Tvinninq layihəsinin “İctimai maarifləndirmə kampaniyasının aparılması” adlı komponenti çərçivəsində Bakıya səfər edən, Litvanı və Avstriyanı təmsil edən ekspertlər Mintautė Jurkutė, Paulius Rymeikis, Thomas Hainlen və Manuela Hargassner-Delpos, Mətbuat Şurasının rəhbəri Aflatun Amaşov və MŞ-nin digər məsul şəxsləri, eləcə də, Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərov iştirak edib.

Görüş zamanı Mətbuat Şurasının nümayəndələri mətbuatda məişət zorakılığı məsələlərinin işıqlandırılması ilə bağlı müxtəlif məqamları müzakirə edib və bu sahədə jurnalistlər üçün təlimatlandırıcı vəsaitlərin və təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı həmçinin layihə çərçivəsində təşkil olunacaq məişət zorakılığı ilə bağlı ictimai məlumatlandırma kampaniyasının və mətbuat nümayəndələri üçün nəzərdə tutulan təlimlərin təşkilində Mətbuat Şurasının göstərəcəyi dəstək də müzakirə olunub.

Qeyd olunmalıdır ki, bu ekspert missiyası çərçivəsində məişət zorakılığı sahəsində ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqramın işlənib hazırlanması nəzərdə tutulub. Proqram Tvinninq layihəsinin ekspertlərinin dəstəyi və Dövlət Komitəsinin müvafiq əməkdaşları və mətbuat nümayəndələrinin iştirakı ilə işlənib hazırlanacaq.

Tvinninq layihəsinin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsidir.