Uşaq və Ailələrə Dəstək Mərkəzlərində Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

27 sentyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.

 

Şüvəlan UADM-də mərkəzin benefisiarlarının Vətən müharibəsi iştirakçısı Rauf Rəfiağayev ilə görüşü təşkil edilib.

Görüş zamanı qazimiz döyüş xatirələrini uşaqlarla bölüşüb, onlara hər zaman vətənpərvər olmağı, ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş qəhrəmanlarımızın həyat yolunu özlərinə örnək götürməyi tövsiyə edib.

 

Şüvəlan UADM-in təşkilatçılığı ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, qazilər, şəhid anaları və şəhid ailələri ilə birlikdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin hüznlə yad edilib. Şüvəlan, Mərdəkan, Qala, Şağan, Türkan və Binə qəsəbələrində yerləşən Şəhidlər Xiyabanları ziyarət edilib, şəhidlərin məzarları üstünə gül dəstələri qoyulub.

Goranboy UADM-in təşkilatçılığı ilə Balakürd kənd qəbiristanlığındakı “Şəhidlər xiyabanı”nda Vətən müharibəsində canlarından keçən igid övladlarımızın xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərkəzin əməkdaşları, şəhid ailələri və könüllülər iştirak ediblər.

Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş məruzələr dinlənilib, onların döyüşdə göstərdikləri qəhrəmanlıqlardan danışılıb, şəhidlərin ruhuna dualar oxunub, məzarı üstünə əklil və qərənfillər qoyulub.

Anım Günü ərəfəsində Hacıqabul UADM-in əməkdaşları şəhid Elməddin Nurzaliyevin ailəsinə səfər edib, ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

Eyni zamanda mərkəzin kollektivi rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş tədbirdə iştirak edib, Şəhidlər Xiyabanını ziyarət ediblər.

Zaqatala UADM-in əməkdaşları şəhid Orxan Cumayevin ailəsinə səfər edərək, anası ilə görüşüblər.

Bundan əlavə, Zaqatala UADM-də şəhid və qazi ailələrinin uşaqları ilə görüş keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Mərkəzin direktoru Cövhərət İbrahimova tədbirdə 44 günlük Vətən müharibəsi zamanı ordu xalq birliyindən, əsgərlərimizin qəhrəmanlıqlarından söhbət açıb. Tədbir uşaqların ifasında ədəbi-bədii hissə ilə davam etdirilib.  

Saatlı UADM-də keçirilmiş anım tədbirində mərkəzin əməkdaşları, şəhid anaları və yaxınları iştirak ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanına ziyarət təşkil olunub və daha sonra tədbir mərkəzdə davam etdirilib. İştirakçılar şəhidlərimizlə bağlı xatirələrini bölüşərək, onların əziz adlarının daim yaddaşlarda qalacağını bildiriblər.

Qəbələ UADM-in təşkilatçılığı ilə təşkil olunan tədbirdə şəhid və qazi ailələrinin üzvləri, Qəbələ UADM-in sosial iş üzrə mütəxəssisləri, mərkəzin könüllüləri və məktəblilər iştirak ediblər. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman oğullardan danışılıb. Qeyd edilib ki, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Tədbirin sonunda uşaqlar  vətənpərvərlik mövzusunda şeirlər  səsləndirib.

Sonra mərkəzin əməkdaşları Şəhidlər Xiyabanını, şəhid ailələrini, şəhid Mikayıl Mikayıllı və Aqşin Ənvərlinin adına açılmış xatirə bulağını ziyarət ediblər.

SabirabadAğdam UADM-in əməkdaşları da Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman oğullarımızın əziz xatirəsini yad ediblər.

Ağdam UADM-in əməkdaşları daha sonra Ağdam rayonu Kürdlər kəndindən olan və Birinci Dördyol qəsəbəsində məcburi köçkün kimi məskunlaşmış şəhid hərbçi Toğrul Murtuzayevin ailəsinə səfər ediblər.

Zərdab UADM-in təşkilatçılığı ilə rəsm sərgisi keçirilib. Sərgidə UADM-in və Heydər Əliyev Mərkəzinin əməkdaşları və 2 saylı körpələr evi-uşaq bağçasının müəllim kollektivi, uşaqlar iştirak ediblər.

Sərgidə mərkəzdən bəhrələnən uşaqların Vətən Müharibəsi Qəhrəmanlarına həsr etdiyi rəsmlər nümayiş etdirilib, uşaq bağçası tərəfindən hazırlanan kompozisiya təqdim olunub.

Göygöl UADM-də mərkəzin benefesiarları olan uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib, Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs olunub.